Türkiyədəki çevriliş cəhdinin ağır nəticələri: bundan sonra nələr olacaq

16-07-2016, 11:09           

“Ərdoğan üstünlük qazandı, ancaq ordu içində başlayacaq kütləvi həbslər də Türkiyədə növbəti gərginliyə yol açacaq”.

teref.az aznews.az-a istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Türkiyədə baş verən hərbi çevrilişə cəhdi şərh edərkən deyib. O, qeyd edib ki, işin içində Fətullah Gülənin olub-olmadığını söyləmək çətin olsa da, nur camaatı ilə əlaqədə şübhəli bilinənlərin həbslərinin sayı artacaq:

“Türkiyənin başı dərddən ayılmır. PKK, DAİŞ, indi də çevrilişçi hərbçilər. Bir başqa dövlətin bu qədər güclü düşmənlərinin olduğunu söyləmək çətindir. Ərdoğana çətin olacaq. Əlbəttə, çevriliş yatırıldı. Ərdoğan qiyamçı hərbçilər üzərində qələbədən sonra əlini gücləndirməyə çalışacaq, bu isə Türkiyə içində qarşıdurma nöqtələrini artıracaq”.

E.Şahinoğlu hesab edir ki, bu cür qarışıqlıqda PKK və DAİŞ öz çirkin məqsədlərini həyata keçirməyə çalışacaq: “Ancaq dünənki hadisənin tarix kitablarına yazılacağını da qeyd etmək lazımdır: Türkiyə tarixində ilk dəfə hərbi çevrilişin qarşısı alındı, sadəcə qardaş qardaşı öldürdü, bu da var”.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olunub. Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi nəticəsində ölkədə 60 nəfər həyatını itirib. Hadisə nəticəsində çoxlu sayda yaralının olduğu da bildirilir.

Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı 754 nəfər saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru