Türk əsgərlərinin azad olunması üçün Ərdoğana müraciət olundu
18-07-2016, 18:41
Bu gün Azərbaycanda fəaliyyət göstərən QHT-lərdən "Əsgər Ailələrinə Dəstək" İB dövlət çevrilişində iştirak edən sıravi əsgərlərin azad olunması ilə bağlı Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət göndərib.
"Karabakh Today" həmin müraciəti olduğu kimi təqdim edir:
Türkiyə Respublikasının prezidenti
cənab Rəcəb Tayyib Ərdoğana
Hörmətli cənab, prezident!
Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq əsrlərin sınağından çıxıb. Azərbaycan ən çətin anlarında Türkiyəni yanında görüb. Türkiyənin acılı anlarında biz dövlət və xalq olaraq sizin yanınızda olmuşuq. Bu belə olub, bundan sonra da belə olacaq. Heç bir qüvvə millətimizi biri-birindən ayıra bilməz. Son zamanlar Türkiyədə səngimək bilməyən terror olaylarından sarsılmışıq. Hər zaman özümüzə "keçmiş olsun" dedik. Son olaylar, iyulun 15-də baş verən hadisələr bizi çox üzdü. Biz QHT olaraq, dərhal Türkiyə dövlətinin yanında olduğumuzu bəyan edən bir müraciət ünvanladıq və həmin müraciət Azərbaycan və Türkiyə mediasında dərc edildi.
Hörmətli cənab, prezident!
“Əsgər Ailələrinə Dəstək” İB olaraq Türkiyədə bir qrup hərbçinin ölkəni qarışdırmağa cəhdindən narahat olduğumuzu bildirir və ümid edir ki, Türkiyədə sülh və əmin – amanlıq tezliklə bərpa olunacaq. Demokratiya və inkişaf yolunda sürətlə irəliləyən Türkiyə zaman – zaman bu cür sınaqlarla üzləşib və hər zaman bu sınaqlardan üzüağ çıxıb. Milli düşüncə, milli iradə yönündə qardaş Türkiyə dövləti ilə həmrəy olduğumuzu bildirir, ümid edirik ki, tezliklə ölkənin üstündəki qara buludlar çəkiləcək.
Bu hadisələrin yeni başlandığı anlar idi. Bütün gecəni yatmadıq, hamımız Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinə axışdıq. Dəstəyimizi, köməyimizi göstərmək istədik. Şükürlər olsun Türkiyə dövlət çevrilişinə xalqın ayağa qalxmasıyla qalib gəldi. Xalq Türkiyə dövlətçiliyi üçün şüurlu surətdə meydanlara çıxdı və demokratik hakimiyyətini qoruyub saxladı.
Lakin bizi narahat edən bəzi məqamlar var. Hadisələrin sonrakı mərhələsində təslim olan əsgərlərə qarşı bir sıra qanunsuz hərəkətlərə yol verildi. Əsgər əmri icra edib. Ona əllər uzanmamalıdır.Türkiyənin düşmənləri mehmetçiyi gözdən salmaq niyyətindədilər. Onlara əmr verənlər mühakimə olunmalıdır. Çevriliş cəhdində iştirak etmiş əsgərlərə küçədəcə divan tuturlar. Hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyətə müdaxilə etmirlər.
Bununla Türkiyənin etibarını zədələmək istəyənlər, ölkədə vətəndaş müharibəsi planları cızanlar qardaş ölkəni xaosa sürükləməklə çox təhlükəli hadisələrə imza atmaq istəyirlər. Sosial şəbəkələrdə bəzi videolar paylaşılır.
“Mənim heç nədən xəbərim olmayıb. Bizə dedilər ki, axşam təlim ola bilər. Təlim üçün həyəcan siqnalı verilə bilər dedilər. Ondan sonra olanları biz hər zaman olduğu kimi sadəcə təlim hesab etdik. Biz hərbi ləvəzimatlarımızı aldıq”. Bunu Türkiyədə dövlət çevrilişinə cəhd edən adı açıqlanmayan baş çavuş həbs edildikdən sonra üsyançılar tərəfindən necə aldadıldıqlarını etiraf edərkən deyib.
Acınacaqlıdı ki,əmri verənlər mühakimə olunmaqla bərabər Türk əsgərindən hesab soruldu. Bir dəstə din adı altında pərdələnənlər Türk əsgərni alçaltdı, təhqir etdi, baş kəsdi. Həmin əsgər illərlə terrorla mübarizə aparır. Terrora qarşı canını sipər edir. O əsgərlə hər zaman qürur duyduq. Azərbaycanda da əsgər gedən oğullara "məhmətçik kimi güclü ol ,millətini, dövlətini sev" dedik. Həmin əsgər Türkiyəni parçalamağa, yox etməyə niyyəti olan dövlətlərin qorxulu röyası oldu. İndi isə həmin əsgəri təhqir edir, linc edirlər. Alahu-əkbər deyib əsgəri alçaltmaq, döymək, linc etmək hansı demokratik cəmiyyətdə var?! Türk əsgərinə əllər uzanırsa deməli o əllər, türk millətinə yönəlir. O əsgərin babaları Çanaqqalada Türk əsgərinə əbədi abidə ucaltdı. Amma indi hadisələrdən xəbəri olmayan, əmri yerinə yetirən əsgər xalq düşməni elan edilir. Bu həssas məqamlardı. Gələcəkdə bu gün atılan addımların böyük fəsadları ola bilər.
Hörmətli cənab prezident!
Biz bilirik ki, hər kəs etdiyi hərəkətlərə görə məsuliyyət daşımalıdı. Amma düşmənlərin Türkiyəyə qarşı xain planlarında ordunu gözdən salmaq kimi planlar da var. Elə isə qəhrəman Türk əsgərinin şanlı adını özünə qaytarmaq üçün siz böyüklük edin. O əsgərlərin tezliklə hərbi hissələrinə qayıdaraq dövlətinə, millətinə xidmət etmələri üçün şərait yaradın. Tanrı millətimizi, Türkiyəni, Azərbaycanı qorusun! Biz inanırıq ki, Siz hər zaman Türkiyənin, türk xalqının talehini hər şeydən öndə tutmusunuz. Bu gün də şanlı türk əsgərinin adını hər şeydən öndə tutacaq, çevrilişə cəhddə heç nədən xəbərsiz iştirak edərək, əmri icra edən sıravi əsgərlərimizi azad edəcəksiniz.
Sizə dərin hörmət və ehtiram hissi ilə
"Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Mətanət Əsgərqizi