Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır? - GƏLİŞMƏ

14-11-2023, 17:27           
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır? - GƏLİŞMƏ
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır?
Azərbaycanın Ağdam rayonunda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edən türkiyəli hərbçilərin fəaliyyət müddəti daha bir il uzadılır.

Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə ərzində məsələ ilə bağlı qanun layihəsini parlamentə göndərəcək.

Layihə daha sonra Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq. Qanunverici orqan türkiyəli hərbçilərin Azərbaycanda qalma müddətinin daha bir il uzadılmasına razılıq versə, qərar rəsmi mətbuatda dərc olunandan sonra qüvvəyə minəcək.

Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.

2021-2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.

Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat əsasında yaradılıb.

Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış sənədin 5-ci bəndində münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradıldığı qeyd edilir.

Lakin 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin Rusiya sülühməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasında qanunsuz erməni silahlı birləşmələrinə qarşı antiterror əməliyyatı keçirməsindən sonra ərazidə atəşkəsin pozulması üçün hər hansı təhlükə mənbəyi qalmayıb.

44 günlük müharibədən sonra Ermənistan qoşunlarının və terrorçu qruplaşmaların fəaliyyət göstərdiyi bölgələrdə Azərbaycanın dövlət suverenliyi tamamilə bərpa olunub.

Artıq Qarabağ iqtisadi rayonundakı Rusiya sülhməramlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının sayının azaldılması da məhz atəşkəsin pozulması üçün əsasların aradan qalxması ilə bağlıdır.

Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, sentyabrın 19-dan bəri sülhməramlı kontingentin 11 müşahidə, 16 müvəqqəti müşahidə məntəqəsi ləğv edilib.

Hazırda ərazidə qalan Rusiya hərbçiləri daha çox humanitar missiya yerinə yetirir. Bu baxımdan, paralel olaraq Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin atəşkəsə nəzarət funksiyasına da ehtiyac qalmır.

Türkiyə Prezidentinin parlamentə təqdim etdiyi qanun layihəsi isə atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin hələ bir il də fəaliyyətini davam etdirəcəyini göstərir.

Bu da öz növbəsində, həmin mərkəzin qalmasına zərurətin olub-olmadığına dair sualların səslənməsinə səbəb olub.

Hərbi ekspert Ədalət Verdiyev Cebhe.info-ya açıqlamasında Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə hərbi kontingentinin Azərbaycanda qalması ilə bağlı parlamentə təklif göndərməsi doğru qərardır:

"Bu qanun layihəsi Azərbaycan tərəfi ilə razılaşdırılıb. Doğrudur, Rusiya hərbi kontingentinin atəşkəsə nəzarət funksiyası başa çatıb. Amma Rusiya sülhməramlı qüvvələri ərazidə qalırsa, ona nəzarət edəcək Birgə Monitorinq Mərkəzinin fəaliyyətini davam etdirməsi də məqsədəuyğundur.

Bu mərkəzin fəaliyyəti Azərbaycanın maraqlarına zidd deyil. Əksinə, qardaş Türkiyə hərbi kontingentinin Azərbaycanda mövcudluğu bizim maraqlarımıza cavab verir. Belə bir fəaliyyətdən Azərbaycan ictimaiyyəti və dövləti narahat deyil. Türk əsgərinin Azərbaycanda qalması bizi məmnun edir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.