Azərbaycan hökumətinə yeni “hekayə” lazımdı,...

15-11-2023, 11:24           
Azərbaycan hökumətinə yeni “hekayə” lazımdı,...
Bir çox saytlar, hətta Azərtac kimi ciddi olması gözlənilən dövlət agentliyi heç bir istinad, fakt gətirmədən xəbər yaydılar ki, sitat: “Mütəxəssislərin hesablamalarına əsasən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi fəaliyyətə başladıqdan sonra Azərbaycan ildə 2,5-3 milyard dollar tranzit gəliri əldə edəcək”.
Kimdir bu mütəxəssilər, nəyi-necə hesablayıblar, hardan bu fantastik rəqəmi əldə ediblər – bu haqda detallar yoxdur. Amma xəbər ondan ibarətdir ki, bu dəhliz açılanda İran-Rusiya, Fars körfəzi – Baltik dənizi arasında intensiv yükdaşımalar olacaq ki, bu da ölkəmizə milyardlarla tranzit gəlirləri gətirəcək.
Bu xəbər mənə ötən əsrin 90-cı illərində el arasında dolaşan bir məsələni xatırlatdı – müstəqillikdən sonra neft-qaz gəlirlərimiz o qədər artacaq ki, ölkəmiz kef edəcək, yağ-bal, qır-qızıl içində üzəcəyik, il olub 2023, amma hələ də ortalıqda ciddi bir rifah dövləti modeli yoxdur.
Mənə elə gəlir ki, indi Azərbaycan hökumətinə yeni “hekayə” lazımdı, yəni, camaat, bir az da dözün, neft-qazla olmayanlar tranzitlə olacaq. Amma ağıl-məntiq var, hesab-kitab var, gəlin rəqəmlərə baxaq, onlar doğruları söyləyir.
Əvvəl onu deyim ki, İran və Rusiyaya qarşı irimiqyaslı beynəlxalq sanksiyalar varkən bu koridora çoxsaylı ölkələrin qoşulması mümkün deyil, yəni, söhbət əsasən İran və Rusiya arasında ticarət dövriyyəsindən gedə bilər. 2022-ci ildə Rusiya ilə İran arasında ticarət dövriyyəsi kəskin artdı, 4,9 mlrd. dollara çatdı. Amma ikilitəyinatlı, hərbi mənşəli yüklər Xəzər dənizi üzərindən dənizlə daşınır – yəni, bu iki ölkə arasında dəniz yükdaşıması var ki, bu həm ucuzdur, həm də digər ölkələrdən asılı olmadan həyata keçirilir.
Tranzit gəlirləri isə cüzidir, hər 100 mln. dollar yük daşımaya, ortalama, 0,5 mln. dollar tranzit gəliri ola bilər, yəni ildə 2,5-3 mlrd. dollar tranzit gəliri üçün trilyonlarla dollar dəyərində yükdaşımalar olmalıdır.
Hökumət camaata yeni hekayə satmaq istəyirsə, heç olmasa ağla-məntiqə uyğun nəsə fikirləşməlidir. Bu o demək deyil ki, Azərbaycan Şərq-Qərb, Cənub-Şimal dəhlizlərində aktiv olmamalıdır, təbii ki, daha aktiv mövqe almalıyıq, Zəngəzur yollarının (həm Ermınistan, həm də İran) açılmasına çalışmalıyıq, amma bu böyük tranzit gəlirləri gətirən sahə deyil, sadəcə bu geosiyasi və geocoğrafi üstünlüklər yaradır və ölkəmiz bu üstünlüklərdən sonunadək istifadə edib qazanmağı bacarmalıdır...
Natig Cəfərli
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.