İran-Ermənistan və Ermənistan-Gürcüstan yolu nəzarətə götürülə bilər - AKTUAL

16-11-2023, 00:01           
İran-Ermənistan və Ermənistan-Gürcüstan yolu nəzarətə götürülə bilər - AKTUAL
“Ermənistanın yaxın illərdə Azərbaycana qarşı müharibəyə başlamaq və müharibə prosesini idarə etmək imkanı yoxdur. Əgər belə bir imkanları olsaydı, bunu heç vaxt kənara qoymazdılar. Onlar indi vaxt udmaq istəyir və bu məqsədlə də sülhdən danışır, amma sülh sazişi bağlamırlar. Çünki sülh sazişi imzalanacaqsa, bu zaman dövlətlərin beynəlxalq hüquqla tanınan əraziləri əsas götürüləcək, sərhədlər müəyyən ediləcək. Bu isə Ermənistana sərf etmir. Çünki bir neçə ildən sonra onların əlinə yaxşı imkan düşsə, Azərbaycana qarşı anneksiya siyasəti həyata keçirmək istəyərlər”.

Bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə Ermənistanın hansı səbəblərdən Azərbaycanla sülh sazişi bağlamaqdan yayınmasına və danışıqları imitasiya etməsindən danışarkən deyib.

A. İsazadənin fikrincə, Azərbaycan tərəfinin anklavlar məsələsini ciddi şəkildə qoyması Ermənistanda xüsusi narahatlıq yaradır: “Nəzərə almaq lazımdır ki, Ermənistanın buna getmək niyyəti yoxdur. Bunun da səbəbləri var. Əvvəla, Naxçıvanın Kərki kəndi Azərbaycana verilsə, bu zaman hərbçilərimiz vizual olaraq İrəvan-İran yoluna nəzarət edəcək. Çünki Kərki faktiki olaraq bu yolun üzərində yerləşir. Eləcə də Qazax rayonunun ermənilərdə olan kəndləri geri qaytarılsa, vizual olaraq Ermənistan-Gürcüstan yoluna nəzarət edəcəyik. Sözsüz ki, bunlar strateji məsələlərdir və İrəvan bu səbəbdən sülh sazişi imzalamaq istəmir və prosesi uzadır”.

Hərbi ekspert hesab edir ki, Ermənistan siyasi baxımdan Xankəndi şəhərini də azad etmək istəməyib: “Amma Azərbaycan antiterror əməliyyatına başlayan kimi ermənilər pal-paltarını götürüb getməli oldular. İndi də onlar anklavların qaytarılmasına siyasi baxımdan razı deyillər. Ola bilsin, onlar Azərbaycanın güc yolu ilə bu məsələni həll etməsini istəyirlər ki, sonradan dünyada səs-küy salsınlar və bizi təcvüz edən tərəf kimi göstərsinlər”.

A. İsazadə qeyd edib ki, hazırda sülh sazişinin bağlanması üçün iki yol var:

“Birinci yol odur ki, beynəlxalq ictimaiyyət Ermənistandan Azərbaycanla sülh sazişini imzalamağı tələb etsin. Bu zaman Qarabağ və anklavlar da daxil olmaqla məsələlər həllini tapar.

İkinci yol odur ki, Ermənistan bunu etmir və Azərbaycan məsələni istədiyi kimi həll edir. Bunlardan hansının baş verəcəyini zaman göstərəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.