“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında”yeni SƏRƏNCAM
20-07-2016, 22:30
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” 2006-cı il 12 oktyabr tarixli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddə 870; 2014, № 12, maddə 1630) aşağıdakı dəyişikliklər edilsin:
1.1. Aşağıdakı məzmunda 2.6-1-ci bənd əlavə edilsin:
“2.6-1. iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə tətbiq edilmiş inzibati cərimələr;”;
1.2. 3-cü hissədə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyidir” sözləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətidir” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.