Erməni deputat Bakıda yaşamağa hazır olduğunu bəyan etdi, amma... - “Hraparak”

29-11-2023, 10:33           
Erməni deputat Bakıda yaşamağa hazır olduğunu bəyan etdi, amma... - “Hraparak”
Dünən – noyabrın 28-də İrəvanda Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının üzvü, Bakıda anadan olmuş Vilen Qabrielyanın təşəbbüsü ilə “Bakıda erməni tarixi-mədəni izləri” adlı sərgi keçirilib.

Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.

“Bakıda yaşamağa gedərsinizmi?”-deyə erməni nəşrinin müxbiri deputatdan soruşub. V. Qabrielyan “Azərbaycan hakimiyyəti tərəfindən təhlükəsizlik şərtləri təmin edilirsə, bəli. Azərbaycan dəqiq təminat verməlidir ki, 100 min erməni öz hüquqlarını bərpa etsin və doğulduğu yerə, Azərbaycan Respublikasına gedib yaşasın”,- cavabını verib.

“Bəs Ermənistan hakimiyyəti azərbaycanlılara da ölkə ərazisinə qayıtmaları üçün təhlükəsizlik zəmanəti verməlidirmi?” sualını isə erməni deputat bu cür cavablandırıb:

“Ermənistan demokratik dövlətdir, şübhəsiz ki, istənilən başqa ölkənin vətəndaşlarının təhlükəsizliyinə təminat verə bilər”.

“Bəs Azərbaycanla müharibə həlak olanların yaxınlarının fikrini nəzərə alırsınızmı?” sualının cavabında V. Qabrielyan belə deyib:

“Dünya yeni yaranmayıb, bir çox dövlətlər var ki, bir-biri ilə müharibə edib, sonra sülh şəraitində yaşayıb, sonra yenidən müharibəyə başlayıb və s”.

Müxbir sual edib:

“Bəs siz oğullarımızı öldürən, vətənimizi əlindən alan insanların yanında yaşaya bilərsinizmi?”

“Əlbəttə, faciəvi vəziyyətdir, lakin buna baxmayaraq, bütün bunlardan sonra belə, icmalar bir-biri ilə barışmağa çalışmalıdırlar”,-deyə erməni deputat cavab verib.

Digər erməni nəşrlərinin, o cümlədən “ArmenianReport”un yaydığı məlumatdan o da bəlli olur ki, “Girdıman-Şirvan-Naxçıvan” adlı revanşist bir təşkilatının sədri də olan V.Qabrielyan dünən parlamentdəki çıxışında Azərbaycana qarşı bir sıra ədalətsiz fikirlər, hədyanlar da səsləndirib:

“800 min erməni Azərbaycandan zorla deportasiya edilib ki, onların da 500 mini bu gün Ermənistanda yaşayır. Qabrielyanın sözlərinə görə, bu gün o, sadəcə deputat kimi deyil, həm də Bakıdan zorla deportasiya edilmiş erməni, həmçinin “Girdıman-Şirvan-Naxçıvan” təşkilatının sədri kimi fəaliyyət göstərir. Deputat qeyd edib ki, rəhbərlik etdiyi qurumun adı ermənilərin tarixən min illər boyu yaşayıb-yaratdıqları əraziləri göstərir. Təşkilatın məqsədi Azərbaycanda zorakılığa məruz qalmış ermənilərin hüquqlarını qorumaq, eləcə də Azərbaycanın faktiki nəzarətinə keçmiş ərazilərdə erməni xalqının mədəni irsini qorumaqdır”.
Erməni deputat qeyd edib ki, ermənilərin məcburi deportasiyası guya 1988-ci il fevralın 27-də - Sumqayıtda ermənilərin soyqırımı ilə başlayıb. Deputat xatırladıb ki, sonralar Bakıda və Azərbaycanın digər şəhərlərində də ermənilərin talanları baş verib. Beynəlxalq ictimaiyyət tərəfindən lazımi qiymət verilmədiyi halda, Azərbaycan rəhbərliyinin təcavüzkar və etnofobik siyasəti bu günə qədər davam etdirilir və bu siyasətin nəticəsi 100 mindən çox erməninin Artsaxdan zorla deportasiyası oldu...”

P.S. Araşdırmamızdan bəlli olub ki, Vilen Qabrielyan doğrudan da 1983-cü ildə Bakıda anadan olub. Onun etirafına görə, onun ailəsinin Bakıda bir yox, bir neçə evi olub... Elə isə erməni deputatdan soruşmaq lazımdır ki, Azərbaycan paytaxtında və ya Qarabağda 1988-1990-cu illərədək ermənilərin hansı hüquqları “pozulub”? Əgər pozulubsa, niyə bir ailənin iki-üç evi olub?

Həmçinin, onu da sual etmək lazımdır ki, sovet-rus “KQB”-sinin erməni millətindən olan şəxslər vasitəsilə təşkil etdiyi Sumqayıt və Bakı hadisələrindən danışan erməni deputat belə demokratik, ədalətli düşüncəlidirsə, nədən 1987-1988-ci illərdə hələ Sumqayıtdakı olaylar baş verməmiş Ermənistandakı azərbaycanlılara qarşı edilən vəhşiliklərdən, onların zorla qovulmasından niyə danışmır?..












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.