“PUTİN QALİB GƏLƏ BİLƏR” - “Qərb təcili yuxudan ayılmalıdır...”

2-12-2023, 11:14           
“PUTİN QALİB GƏLƏ BİLƏR” -
“Qərbin özündənrazılığı və strateji baxışının olmaması buna mane olur...”

Böyük Britaniyanın “The Economist” nəşri Putinin müharibədə qalib gəlmə şansı və Qərbin Ukraynadakı müharibə ilə bağlı strateji baxışının olmamasına dair məqalə dərc edib.

“AzPolitika.info” xəbər verir ki, yazıda Ukraynanın Qərb tərəfdaşlarının Rusiyanın işğalçılıq müharibəsini dayandırmaq üçün yetərincə hərəkət etmədiyi qeyd olunur və deyilir ki, bu gedişlə hətta Putin müharibədə qalib gələ bilər.

Nəşr yazır ki, Putinin müharibədə qələbəsinin mümkün olmasının göstəricilərindən biri hazırda Ukraynanın işğalçı qoşunları heç cür öz ərazilərindən çıxara bilməməsidir: “Ukraynanın əks-hücumu dayanıb. Avdeyevka uğrunda gedən döyüşlərdə Rusiya hər gün 900-dən çox insan itirir və bu cür “müdafiə müharibəsi” uzun illər çəkə bilər. Qərb Putini məyus etmək üçün daha çox şey edə bilərdi. Əgər o, qəti qərarını versəydi, Rusiyanı kölgədə qoyan sənaye və maliyyə resurslarını işə sala bilərdi. Bununla belə, xüsusilə də Avropada fatalizm, özündənrazılıq və strateji baxışın olmaması buna mane olur. Odur ki, Qərb həm öz xeyri üçün, həm də Ukrayna naminə təcili olaraq süstlükdən qurtulmalıdır(yuxudan ayılmalıdır)”.

Qəzet yazır ki, Rusiyanın üstünlüyü həm də onun xarici dəstəyi ilə izah olunur. Çünki o, İrandan PUA-lar və Şimali Koreyadan raketlər, artilleriya mərmiləri alır. Həmçinin, bir sıra dövlətlər Rusiya hərbi sənayesinə lazım olan vasitələri çatdırmaq üçün vasitəçilik edir. Eyni zamanda Qərbin Rusiyanın neft gəlirlərini məhdudlaşdırmaq sxemi də iflasa uğrayıb.

“The Economist” qeyd edir ki, artıq Rusiyada insanlar müharibəyə alışıblar, elita adlanan təbəqə iqtisadiyyata nəzarəti artırıb. Putin isə hazırda döyüşənlərin və ölənlərin ailələrinə hətta ömürlük maaş ödəyə bilir: “Bütün bunları nəzərə alsaq, Kiyevdə əhval-ruhiyyənin getdikcə düşməsi təəccüblü deyil. Siyasət qayıdır, insanlar nüfuz uğrunda mübarizə aparır. Ukrayna Prezidenti Volodimir Zelenski və Baş komandan Valeri Zalujnı arasında fikir ayrılığı yaranıb. Daxili sorğular göstərir ki, korrupsiya qalmaqalları və Ukraynanın gələcəyi ilə bağlı narahatlıqlar cənab Zelenskinin seçicilər arasında nüfuzunu sarsıdıb”.

Qəzet bir az da irəliyə gedərək, Qərbin Ukraynaya dəstəyinin artmaq əvəzinə, azala biləcəyini proqnozlaşdırır: “Yaxın gələcəkdə sülh vəd edən Donald Tramp Prezident seçilərsə, Birləşmiş Ştatlar silah tədarükünü dayandıra bilər. Bununla belə, Ağ Evdə kimin olmasından asılı olmayaraq, Avropa Amerika yardımının azalmasına hazırlaşmalıdır”.

Yazı müəllifləri iddia edirlər ki, Putin rejiminin məcburi səfərbərlik, inflyasiya və hərbi xərclər səbəbindən yıxılacağına ümid etməyin mənası yoxdur, çünki o, illərlə hakimiyyətdə qala bilər: “Buna görə də Avropa Putinə öz təhlükəsizliyinə əsas uzunmüddətli təhdid kimi baxmalıdır. Rusiya yenidən silahlanacaq. Onun döyüş təcrübəsi olacaq. Xüsusilə də Trampın NATO ölkəsinə hücum olacağı təqdirdə döyüşməyə hazır olması haqqında şübhələr olacağı təqdirdə, Avropanın müdafiə planlaması elə qurulmalıdır ki, Putin onun cinahlarında zəiflik hiss etməsin”.

“The Econimist” hesab edir ki, Putini dayandırmağın ən yaxşı yolu Avropanın öz qətiyyətini nümayiş etdirməsi, Ukraynanı hava hücumundan müdafiə sistemləri və Rusiyanın təchizat xətlərinə hücum etmək üçün uzaqmənzilli raketlərlə təmin etməsidir. Əks halda, qəzetin fikrincə, Putin 2022-ci il fevralın 24-dən bəri ilk dəfə qələbə qazanmağa qadir görünür və onun ən böyük üstünlüyü Avropanın strateji baxışının olmamasıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.