LAVROV İRƏVANI TƏHDİD ETDİ - “Bu, bizi narahat etməyə bilməz...”

29-12-2023, 00:02           
LAVROV İRƏVANI TƏHDİD ETDİ -
Paşinyanın Sankt-Peterburq səfəri də vəziyyəti dəyişmədi

Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının(Aİİ) Sankt-Peterburqda keçirilən toplantısında açıq çəkildə bu quruma siyasi mahiyyət verməyin əleyhinə olduğunu bəyan etməklə, eləcə də Putinlə könülsüz dialoq apardığını, hətta ondan uzaq durmağa çalışdığını nümayişkaranə şəkildə büruzə verməklə göstərdi ki, Kremllə “barışmaq” və Qərbə yönəlmək ideyasından vaz keçmək fikrində deyil.

Ardınca, Ermənistan parlamentinin sədri və XİN başçısı da Paşinyanın Sankt-Peterburq səfərinin, Aİİ və MDB sammitlərində iştirakının qətiyyən rəsmi İrəvanın siyasi vektorunu dəyişdiyinə dəlalət etmədiyini bəyan etdilər. Belə görünür ki, Sankt-Peterburq səfəri də Rusiya-Paşinyan münasibətlərinə elə bir ciddi təsir etməyib və Kreml Pşainyan hakimiyyətinin “qələmini qırmaqda” qərarlıdır.

Belə ki, Rusiya XİN başçısı Sergey Lavrov həmin səfərdən dərhal sonra TASS agentliyinə verdiyi müsahibədə Ermənistanın hazırkı hakimiyyətinin ünvanına növbəti təhdid və ittihamlar yağdırıb.

“AzPolitika.info” xəbər verir ki, Lavrov öz müsahibəsində bir daha Paşinyan hakimiyyətinin Qərbə stavka etdiyini və bunun Ermənistana böyük təhlükələr yaratdığını bildirib: “Təəssüf ki, rəsmi İrəvan qərblilərin vədlərinə uyaraq xarici siyasət xəttini yenidən format etməyə çalışır. O, Moskva ilə zamanın sınağından çıxmış ittifaq əlaqələrini Qərbin hətta konkret köməyi ilə də deyil, yalnız dumanlı vədlərilə dəyişir.Strateji kursun dönüşünə haqq qazandırmaq üçün Ermənistanın bütün bəlalarına, o cümlədən Qarabağın itirilməsinə görə Rusiyanı günahlandırmağa çalışırlar. Biz dəfələrlə Rusiyanın narahatlığı barədə açıq şəkildə danışmışıq. İndi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur...”

Bununla yanaşı, Rusiya XİN rəhbəri yenə də qeyd edib ki, Ermənistan Cənubi Qafqazda Rusiya üçün strateji tərəfdaş olub və olaraq da qalır. Lakin ardınca dərhal Qərbə yönəldiyi üçün Ermənistanı gözləyən təhlükələrdən danışıb və dolayısı ilə İrəvanı təhdid edib: “Qərb dövlətləri Ermənistana və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır, onların vəzifəsi Moskvanı regiondan sıxışdırıb çıxarmaqdır. Ermənistan indi bir sıra problemlərlə üz-üzədir. Üstəlik, Qərb oyunçularının köməyi ilə onların qarşısını almaq mümkün olmayacaq. ABŞ və Aİ Rusiyadan fərqli olaraq(?) Ermənistana və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır. Onların vəzifəsi tamamilə fərqlidir - Moskvanı və digər regional gücləri sıxışdırmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik mənbəyi yaratmaq".
Ətraflı

Bundan sonra Lavrov bir qədər də irəli gedərək, İrəvanın NATO ilə əlaqələrinin Rusiyanı narahat etdiyini bildirib və bunun Ermənistanın öz suverenliyini və təhlükəsizliyini itirməsi ilə nəticələnəcəyini deyib: “Ümid edirəm ki, İrəvan alyansla qarşılıqlı əlaqələrin dərinləşməsinin onun milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyinin itirilməsinə apardığını bilir”.

XİN rəhbəri vurğulayıb ki, bu il Ermənistan NATO ilə onlarla birgə tədbirdə iştirak edib. Onun sözlərinə görə, İrəvan öz silahlı qüvvələrinin NATO standartlarına uyğun modernləşdirilməsini davam etdirir və onun hərbi qulluqçuları Şimali Atlantika blokunun bəzi ştatlarında təlim keçir: “Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini möhkəmləndirmək, “parçala və idarə et” sxemi ilə manipulyasiyaya şərait yaratmaqdır”.

Ardınca Lavrov yenə də artıq çoxdan “canını tapşırmış” və Rusiyanın heç zaman əməl etmədiyi 9 noyabr üçtərəfli sazişindən və digər razılaşmalardan dəm vurub: “Bu çətin vəziyyətdən çıxış yolu göz qabağındadır - İrəvan, Bakı və Moskvanın üçtərəfli sazişlərini ən yüksək səviyyədə həyata keçirmək”.

Göründüyü kimi, Lavrov tarix boyunca qədəm basdığı hər yerə, o cümlədən də hazırda Ukraynaya müharibə, bəlalar, aclıq, qırğınlar gətirən Rusiyanın guya Cənubi Qafqaza sülh və sabitlik gətirmək istədiyini deyir. Ancaq artıq çoxdandır bu nağıllara heç yerdə, o cümlədən də Cənubi Qafqazda inanan yoxdur...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.