Ukrayna bu il Amerikanın əlavə hərbi yardımı olmadan sağ qala bilər, amma... - NYT

9-02-2024, 12:34           
Ukrayna bu il Amerikanın əlavə hərbi yardımı olmadan sağ qala bilər, amma... - NYT
ABŞ-ın Rusiyaya qarşı müharibəsində Ukraynaya dəstəyi çox vacibdir. Bununla belə, Amerika silahlarının tədarükünə icazə verən qanun layihəsi Senatda səsvermə zamanı artan Respublikaçı müxalifət fonunda uğursuzluğa düçar oldu.

Bu sözləri "The New York Times" yazır.

Vaşinqtonda yerləşən Karnegi Beynəlxalq Sülh Fondunun Rusiya üzrə eksperti Maykl Koffmanın fikrincə, Ukrayna bu ilin müəyyən hissəsini Amerikanın əlavə hərbi yardımı olmadan sağ qala bilər. Amma zaman keçdikcə ordunun yenidən qurulması perspektivi olmayacaq və ölkə yavaş-yavaş uduzmağa başlayacaq.

Onun sözlərinə görə, Amerikanın əlavə yardımının olmaması "bu ilin ikinci yarısında baş verən hadisələr üçün sərt, mənfi trayektoriyaya işarə edəcək".

"Analitiklər deyirlər ki, Ukrayna ordusu birdən-birə məğlub olmayacaq, lakin onun qüvvələrinin deqradasiyası qaçılmaz olacaq. Avropa ölkələrinin Amerika səviyyəsində silah və sursat ehtiyatı yoxdur və çətin ki, bu boşluğu doldura bilsinlər", - məqalədə deyilir.

Qeyd olunur ki, tammiqyaslı işğalın ilk günlərindən Ukrayna hələ müharibədə belə qeyri-müəyyən anı yaşamayıb. Rusiya İran və Şimali Koreyadan gələn silahlarla güclənib.

Şərqdəki ən şiddətli döyüşlərdə Avdeyevka şəhəri üçün Rusiya və Ukrayna artilleriya atəşinin nisbəti artıq beşə birdir, - Ukrayna komandirləri deyirlər.

Ukrayna indi yenidən uyğunlaşmaq və improvizasiya etmək, yerli silah istehsalını genişləndirmək və daha çox dronlara güvənmək istəyir, lakin jurnalistlərin fikrincə, Amerikanın köməyinə böyük ehtiyac var. Rusiyanın atəş gücü və şəxsi heyətin üstünlüyü Ukraynanı cəbhə xəttinin çox hissəsində geridə qalmağa məcbur edir.

Nəşr yazır: "Müəyyən dərəcədə Ukraynanın özü də onun problemlərində günahkardır. Ölkədə uzun müddətdir problem olan korrupsiya milyonlarla dolları təchizat sistemindən və digər sahələrdən sovurur".

Rusiya pilotsuz təyyarələrin istehsalını artırdığı, müdafiə sənayesindəki çatışmazlıqları aradan qaldırdığı və İran və Şimali Koreyadan təchizatla özünü gücləndirdiyi üçün Qərbin Kiyevə dəstəyi Moskvanın hərbi güclənməsi ilə ayaqlaşa bilmədi.

Rəsmilər kütləvi raket hücumlarını dayandırmağa qadir olan hava hücumundan müdafiə sistemlərinin tükəndiyini və onlara çox ehtiyac duyulduğunu deyir.

Həmçinin, Amerika yardımının azalması iqtisadiyyata mənfi təsir göstərərək, büdcənin azaldılmasına və inflyasiyanın artmasına səbəb olacaq. Nəşr yazır ki, nəzərdə tutulan Amerika yardımına təxminən 11 milyard dollar qeyri-hərbi maliyyə vəsaiti daxil olacaq.

Yada salaq ki, fevralın 7-də Amerika Birləşmiş Ştatlarının Senatı Ukrayna, İsrail, Tayvana və Amerikanın sərhəd təhlükəsizliyinə yardım haqqında qanuna səs verə bilməyib. Bununla belə, cümə axşamı, fevralın 8-də Senat miqrasiya islahatı olmadan Ukrayna, İsrail və Tayvana yardım haqqında "təmiz” qanun layihəsinə yenidən baxacaq.

Polşanın baş naziri Donald Tusk ABŞ Senatının Ukraynaya yardım layihəsinə səs verməməsinə kəskin reaksiya verib . O, ABŞ Respublikaçılar Partiyasının bu səsvermədə uğursuz çıxış edərək demokratik azadlıqlara xəyanət etdiyini bildirib. \\Qaynarinfo.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.