Paşinyan Bakı beynəlxalq hava limanında: “Jurnalistin bu iddiası...”

9-02-2024, 11:43           
Paşinyan Bakı beynəlxalq hava limanında: “Jurnalistin bu iddiası...”
Erməni jurnalist Arutyun Avetisyan Ermənistan baş naziri Nikol Paşinyanın İlham Əliyevin andiçmə mərasimində iştirak etmək üçün Bakıya gələcəyini iddia edib. Jurnalist bu iddiasını Paşinyanın keçən il Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın andiçməsinə qatılması ilə əsaslandırıb.

Avetisyanın bu iddiası Ermənistan cəmiyyətində və siyasi dairələrində geniş müzakirələrə səbəb olub.

Çoxları jurnalistin çıxışının kinayə məqsədi ilə edildiyini deyib.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan politoloq Zaur Məmmədov bildirib ki, sülh müqaviləsi imzalanmadan Paşinyanın Azərbaycana səfəri mümkün deyil:

“Bu cür çıxışlarla ermənilər Paşinyanı “Azərbaycanın adamı” kimi göstərməyə çalışır. Belə bir iddia sadəcə Paşinyanı daxili auditoriyada gözdən salmaq üçündür.

Təbii ki, sülh müqaviləsi imzalanmasa belə bir səfərin baş tutması mümkün deyil. Ümumiyyətlə, yaxın gələcəkdə belə bir səfərin olması real görünmür. Hazırda Paşinyan üçün daha vacib işlər var. Sülh müqaviləsi istiqamətində Paşinyan mütləq Ermənistan konstitusiyasını dəyişdirməlidir”.

Politoloq erməni jurnalistin çıxışını tənqid edib:

“Guya Paşinyandan öncəki Ermənistan rəhbərləri müstəqil xarici siyasət yürüdə bilib? Hazırkı baş nazirlə bağlı bu cür kinayəli çıxışlar edən erməni dairələrinə demək lazımdır ki, bir çox dövlətlərə vassalıq etdiyi zaman daha betər vəziyyətdə idi.

Paşinyan, özündən əvvəlki erməni rəhbərlərindən fərqli olaraq, mifik siyasət yerinə daha real siyasət ortaya qoyur. Gec-tez erməni cəmiyyəti və hakim siyasi dairələri bu reallığı qəbul etməli olacaq”.

Nazim Hacıyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.