Ermənistan Brüsseldə məqsədinə tam çatmadı, amma... – “Paşinyan oyuna davam edir”

11-04-2024, 09:54           
Ermənistan Brüsseldə məqsədinə tam çatmadı, amma... –
Fuad Çıraqov: “İrəvanın maksimalist hədəfi odur ki, Azərbaycan şərti sərhəddə Ermənistan ordusunu növbəti dəfə əzsin”

Aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan sammitinin nəticələrinə əsasən, demək olar ki, İrəvan məqsədinə nail ola bilmədi. Əvvəldən məlum idi ki, Ermənistan Brüsseldə Qərbdən “Ermənistana təhlükəsizlik zəmanəti” almaq istəyir və görüşdə əsas məsələ bu olacaq. Amma ABŞ dövlət katibi Antoni Blinken, Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula fon der Leyen və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşlə bağlı rəsmi açıqlamada bildirildi ki, Ermənistan iqtisadiyyatının gücləndirilməsi üçün maliyyə yardımının ayrılması müzakirə olunub. Sammitdə Ermənistana maliyyə ayrılması qərarı da verilib.

Bundan sonra İrəvan yenidən “təhlükəsizlik zəmanəti” məsələsini gündəmə gətirəcəkmi? Əiksər ekspertlər bildirirlər ki, İrəvan bu məsələni zaman-zaman ortaya atacaq. Analitiklərin qənaətincə, hətta üçtərəfli qapalı görüşdə bu, müzakirə edilib, sadəcə ictimaiyyətə açıqlanmayıb. Buna da səbəb Azərbaycanın Brüssel görüşünə sərt reaksiyası ilə bağlıdır.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov AYNA-nın suallarını cavablandırarkən deyib ki, İrəvanın məqsədləri çoxdur:

- Paşinyan Brüsselə gedəndə əsas vəzifə təhlükəsizlik qarantiyası almaq idi. İrəvan istəyirdi ki, Qərbdən hansısa formada hərbi yardım, hərbi dəstək ala bilsin. Hətta ilkin informasiyada üçtərəfli sammitdə Ermənistana təhlükəsizlik vədi veriləcəyi, hansısa sənədin imzalanacağı deyilirdi. Amma Azərbaycanın sərt mövqeyindən sonra bu məsələ gündəmdən çıxdı. Əvvəl ABŞ, sonra isə Avropadan bildirildi ki, müzakirə sadəcə Ermənistana iqtisadi yardımla bağlı oldu. Demək ki, Ermənistanın gözləntisi özünü doğrultmadı. Ən azından, ictimaiyyətə açıqlanan məlumatdan aydın olur ki, Brüsseldə Ermənistana hansısa hərbi dəstəkdən söhbət getməyib. Amma əminəm ki, Ermənistana təhlükəsizlik zəmanəti, hərbi dəstək məsələsi qapalı şəkildə müzakirə olunub. Yüz faiz demək olar ki, Paşinyan bu məsələni müzakirəyə çıxarıb. İrəvan Brüsseldəki görüşdən əvvəl informasiya fonu yaratmışdı ki, guya Azərbaycan Ermənistana hərbi təcavüz edəcək. Bu informasiya yayımında Qərb mətbuatı, Avropadakı bəzi siyasilər xüsusi rol oynayırdılar. Xüsusilə, Fransanın XİN başçısı, Avropa İttifaqının xarici siyasətinə məsul olan Cozef Borell və s. şəxslər bu barədə danışırdılar. Biz gördük ki, Brüsseldəki görüşün yekunu ilə bağlı sənədlərdə təhlükəsizliklə bağlı məsələ qeyd edilməyib.

- Ermənistan təhlükəsizliklə bağlı zəmanət istəyindən imtina etdimi?

- Əlbəttə ki, yox. İrəvan bu məqsədindən əl çəkməyib. Məsələnin aktual qalması üçün Ermənistan hərbi təxribatlar törətməyə başlayıb. Şərti sərhəddə atəşkəsin pozulması da bununla əlaqədardır. Təbii ki, Azərbaycan bu təxribatlara cavab verməlidir və verir də. Azərbaycan tərəfinin hər zaman mövqeyi belə olub ki, təxribatlar anındaca cavablandırılacaq. Güman ki, indi Ermənistan Azərbaycanı hərbi toqquşmaya təhrik edir. İrəvanın maksimalist hədəfi odur ki, Azərbaycan şərti sərhəddə Ermənistan ordusunu növbəti dəfə əzsin və onlar da Qərbə göstərsinlər ki, “baxın, bizə təcavüz edilir, təhlükəsizliyimiz təhlükədədir, bizə kömək edin”. Minimal məqsəd isə odur ki, erməni cəmiyyətinə desin ki, “baxın, Azərbaycanın istədiklərini, tələblərini yerinə yetirməsək, müharibə olacaq və biz növbəti zərbə alacağıq”.

- Paşinyanın bugünkü açıqlamasından belə anlaşılır ki, minimalist məqsəddən yanadır. Çünki Ermənistan Baş naziri deyib ki, Qazağın dörd kəndini qaytarmaq, delimitasiyanın bu istiqamətdən başlaması müharibənin qarşısını alacaq...

- Ümumiyyətlə, Paşinyan hər zaman oyun oynamaq siyasəti həyata keçirib. Bu gün də oyununu davam etdirir. Ola bilər ki, Brüsseldə maksimalist məqsədə çata bilməyən İrəvan indi minimalist məqsədə köklənib. Amma yenə də deyirəm, “Ermənistana təhlükəsizlik zəmanəti” məqsədi İrəvanın gündəmindən çıxmayıb. Hələlik Bakının Brüssel görüşünə sərt etirazı, təzyiqi bu prosesin qarşısını aldı. Azərbaycan təzyiq etməsəydi yəqin ki, Ermənistan iqtisadiyyatına yardım miqdarı da çox olardı, təhlükəsizlik zəmanəti də açıq şəkildə elan edilərdi. Azərbaycanın qəti mövqeyi və bu məsələyə həssas yanaşma ortaya qoyması Brüsseldə geriçəkilməyə səbəb oldu. Amma bu o demək deyil ki, bu məqsəddən İrəvan və ya Qərb geri çəkiləcək. Müəyyən vaxtda yenidən məsələnin gündəmdə olacağı gözlənilir.

- Belə fikirlər var ki, Bakı və Moskvanın Brüssel görüşünə reaksiyası eyni oldu. Demək olarmı ki, bu məsələdə Rusiya ilə Azərbaycan mövqelərini sinxronlaşdırıb?

- Yox, bunlar mövqelərin sinxronlaşdırılması deyil. Rəsmi Bakının niyə etiraz etməsi aydındır. Ermənistana təhlükəsizlik zəmanəti kimi absurd bir ideyanın həyata keçirilməsi Azərbaycanın mövqeyinə ziddir. Ona görə də buna etiraz edilir. Rusiyanın isə marağı tamam başqadır. Rusiya istəmir ki, Ermənistan Qərblə yaxınlaşma siyasətini davam etdirsin. Brüssel görüşünə də Mpskvanın etirazının səbəbi məhz budur. Sadəcə Bakı ilə Moskvanın eyni vaxtda eyni məsələyə etirazı elə təsəvvür yaradır ki, Azərbaycanla Rusiya mövqeyini sinxronlaşdırıb. Əslində isə dediyim kimi, hər kəs öz marağına uyğun şəkildə siyasətini aparır.

Müəllif: Anar Bayramoğlu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.