Baydenin Ukraynada müharibənin həllinə dair beynəlxalq sammitdə iştirak edəcəyi bildirilir

11-04-2024, 11:34           
Baydenin Ukraynada müharibənin həllinə dair beynəlxalq sammitdə iştirak edəcəyi bildirilir
Prezident Co Bayden Rusiya və Ukrayna arasında müharibənin həllinə dair İsveçrədə keçiriləcək beynəlxalq sammitdə iştirak edəcək. Bu barədə aprelin 10-da İsveçrə mətbuatı məlumat yayıb.

Konfransın tarixi hələ müəyyənləşməyib. Lakin bu həftə bəzi kütləvi informasiya vasitələri iclasın iyunun 16-17-si tarixlərində keçiriləcəyini bəyan edib.

NZZ qəzeti "etibarlı mənbələrə" istinadən prezident Baydenin konfransda iştirak edəcəyini bildirib.

Xatırladaq ki, yanvar ayında İsveçrə yuxarıda adı çəkilən beynəlxalq forumun təşkili ilə bağlı razılığı Ukrayna prezidenti Volodimir Zelenskinin isveçrəli həmkarı Viola Amherdlə görüşmək üçün ölkəyə səfərindən sonra elan edib.

Daha sonra Zelenski Rusiyanın iştirakı olmadan keçiriləcək sammitdən danışıb. Kütləvi informasiya vasitələrinin məlumatına görə, sammitin məqsədi Ukraynada hərtərəfli və davamlı sülhə nail olmaq üçün əlverişli çərçivə, həmçinin Rusiyanın sülh prosesində mümkün iştirakı üçün konkret yol xəritəsini yaratmaq olacaq. Rusiya rəsmiləri İsveçrənin təşkil etdiyi tədbirdə iştirak etməyəcəklərini bildirib.

Bloomberg-in məlumatına görə, konfrans əvvəllər bəzi kütləvi informasiya vasitələrinin dediyi kimi Cenevrədə deyil, İsveçrə Alplarında, Lüserndəki "Burgenstok" mehmanxanasında keçiriləcək.

Yanvar ayında İsveçrədə müxtəlif ölkələrdən 80-dən çox milli təhlükəsizlik müşaviri bir araya gəldi. Görüş zamanı Ukraynada sülhün düsturu müzakirə olundu.

Görüş Zelenskinin müharibəyə son qoymaqla bağlı 10 bəndlik təkliflərinə əsaslanırdı. Ukrayna sülh üçün şərt kimi ərazi bütövlüyünün bərpasını və Rusiya qoşunlarının tamamilə çıxarılmasını tələb edirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.