Sina Yusufi: Bu hakim o cəhətdən məşhurdur ki, müttəhimə heç bir haqq tanımır

20-07-2024, 17:04           
Sina Yusufi: Bu hakim o cəhətdən məşhurdur ki, müttəhimə heç bir haqq tanımır
Fevral ayının ilk həftəsində İran Azərbaycanı, eləcə də Əlburz, Tehran və Gilan vilayətlərində saxlanılaraq Tehranın Evin həbsxanasına göndərilən 30-a yaxın fəaldan bir neçəsinin həbsi hələ də davam edir.

Hüquqşünas Sina Yusufi Amerikanın Səsinə müsahibəsində 6 aya yaxındır heç bir məhkəmə qərarı olmadan həbsdə olan bu fəalların vəziyyətini şərh edib.

“6 ay öncədən təqribən 30 nəfərə yaxın tutulmuşdu müxtəlif şəhərlərdə və indi Tahir Nəqəvi, Əbdüləziz Əzimi Qədim, Murtəza Pərvin, Ayaz Seyfxah, Hüseyn Piri və Kərəm Mərdanə hələ müvəqqəti nəzarətdə saxlanılırlar. Yəni, 6 ay keçir və hətta iş təhqiqat mərhələsindən də çıxıb və məhkəmədədir. Amma, hələ də müvəqqti nəzarət mülki zəmanətə çevirilməyib”, insan haqları vəkili deyib.

Sözügedən fəalların işinə Tehran İnqilab Məhkəməsi 15-ci şöbəsinin hakimi Əbülqasım Salavati baxır.

Yusufinin sözlərinə görə, “Salavati məşhur bir hakimdir. O cəhətdən məşhurdur ki, nə vəkilə icazə verir ki, müdaxilə etsin, nə də müttəhimin danışıb özünü müdafiə etməsinə icazə verir. O, xüsusilə də siyasi dosyelərdə müttəhimlərə heç bir haqq tanımır”.

Siyasi fəallar və jurnalistlərə qarşı ağır cəzalar çıxarması ilə tanınan hakim Salavati 2019-cu ilin dekabr ayında ABŞ-ın İran rəsmilərinə qarşı tətbiq etdiyi sanksiya siyahısına daxil edilib.
Vəkil fəalların təqribən bir həftə öncə keçirilən məhkəmə iclasına diqqət çəkərək deyib ki, “dosye hətta vəkillərə belə göstərilməyib. Hətta Tahir Nəqəvi və Əbdüləziz Əzimi Qədimin son məhkəməsində ki, hakim Salavati gizli dəillərə istinad edib, onlar istəyiblər ki, bu sənədləri görsünlər, amma hakim deyib ki, bunlar gizlidir və dosyenin eksperti ilə bunu məsləhət etməlidir (bunlar müstəntiqə ekspert deyirlər). Yəni, demək olar ki, bu işin arxasında məhkəmə orqanı deyil, təhlükəsizlik orqanlar var”.
Fəallar son vaxtlar aclıq aksiyası keçiriblər. Hüquq-müdafiə qurumları və məhbusların yaxınları onların səhhəti ilə bağlı narahat olduqlarını bildiriblər.

Sina Yusufinin dediklərinə görə, “Tahir Nəqəvi, Əzimi Qədim və Hüseyn Piri təqribən bir ay əvvəl aclığa başlamışdılar. Ayaz Seyfxah da sonra onlara qatıldı. Tahir Nəqəvi aclığın 21-ci günündə ailəsinin basqısı və xəstəliyinə görə ki, artıq həyatı təhlükədə idi, məcbur qaldı aclığa son versin. Əzimi Qədim 35 gündür aclıqda ki, keçən gün də huşdan gedib və aparıblar Evin həbsxanasının klinikasına”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.