Aİ-nin Ermənistana hərbi yardım qərarı rəsmi Bakının etirazına səbəb olub

23-07-2024, 12:34           
Aİ-nin Ermənistana hərbi yardım qərarı rəsmi Bakının etirazına səbəb olub
Avropa İttifaqının iyulun 22-də Ermənistana Avropa Sülh Fondu çərçivəsində 10 milyon avro hərbi yardım ayırması rəsmi Bakının etirazına səbəb olub.

Avropa İttifaqı Şurası aylardır davam edən danışıqlardan sonra bazar ertəsi Ermənistan Silahlı Qüvvələrinə dəstək verilməsinə yaşıl işıq yandırıb.

Rəsmi məlumata görə, yardımın məqsədi Ermənistan ordusunun maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir.

“Təhlükəsizlik Ermənistanla ikitərəfli münasibətlərimizin getdikcə daha vacib elementinə çevrilir. Bu Avropa Sülh Fondu tədbiri ölkənin dayanıqlığına daha da töhfə verəcək”, Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel deyib.

Borrel Aİ və Ermənistan arasında xarici siyasət və təhlükəsizlik üzrə dialoqun daha da genişləndirməsinə qarşılıqlı marağın olduğunu, həmçinin Ermənistanın Aİ-nin rəhbərlik etdiyi missiya və əməliyyatlarda gələcək iştirakına baxdıqlarını qeyd edib.

Rəsmi Bakı Avropa İttifaqı Şurasının qərarına etiraz edib və göstəriləcək yardım barədə şəffaf məlumat tələb edib.

“Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir. Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür”, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Hərbi yardımın Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcəyini deyən Ayxan Hacızadə əlavə edib ki, Avropa İttifaqı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır.

Öz növbəsində Ermənistan Aİ-nin hərbi yardımla bağlı qərarını alqışlayıb. “Bu, ortaq dəyərlərə, prinsiplərə və rifaha baxışa əsaslanan Ermənistan-Aİ tərəfdaşlığında çox mühüm mərhələdir”, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qeyd edib.

Bundan əvvəl Aİ-nin Ermənistana hərbi yardımına Macarıstan qarşı çıxıb və Azərbaycana da analoji yardımın edilməsini tələb edərək aprel ayında qərarın verilməsinə mane olub.

Bu barədə Azadlıq radiosunun Ermənistan xidməti yazıb.

Budapeşt sonradan digər Avropa ölkələri ilə güzəştli razılaşmaya gələrək veto qərarını geri çəkib. Aİ-nin həmin razılaşma üzrə Azərbaycanda minatəmizləmə fəaliyyətini dəstəkləyəcəyini bildirilib.

İyunun 13-də Aİ Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora və Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev Brüsseldə görüşərək “ikitərəfli münasibətlər, təhlükəsizlik və xarici siyasət üzrə qarşılıqlı maraq doğuran məsələlər” barədə müzakirələr aparıblar.

Görüşlə bağlı məlumatda Aİ-nin Azərbaycanda minatəmizləmə işlərinə dəstəyi artıracağı, habelə Azərbaycanın Avropa Sülh Fondu çərçivəsində Aİ ilə mümkün əməkdaşlığa baxılmasında maraqlı olduğu vurğulanıb.

İyun ayının 26-da Aİ Azərbaycanda minatəmizləmə işlərinə dəstək olmaq üçün 2024-2025-ci illər ərzində əlavə 10 milyon avro ayıracağını açıqlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.