Harris və Tramp arasındakı debatın əsas məqamları
12-09-2024, 16:04
ABŞ-da prezident seçkisinə iki aydan az müddət qaldığı bir vaxtda çərşənbə axşamı Filadelfiyada Vitse-prezident Kamala Harris və sabiq Prezident Donald Tramp arasında debat keçirildi.
İki namizəd arasında rəqabət çox yaxındır. Bu yaxınlarda aparılan PBS/NPR/Marist rəy sorğusunun nəticələrində görə, Harris qeydiyyatdan keçən seçicilər arasında 1 faizlə - 49-a 48 faiz nisbətilə - Trampdan öndədir. Bu nəticə səhv nisbəti daxilindədir.
ABC-nin ev sahibliyi etdiyi debat 59 yaşlı Harrislə 78 yaşlı Tramp arasında ilk qarşılaşma idi.
Sabiq prokuror olan Harris ilk qadın, qara amerikalı və cənubi asiyalı amerikalı vitse-prezidentdir. Biznesmen olan cinsiyyətçi və irqçi şərhlərinə görə tənqid edilən Tramp ilk məhkum olunan prezidentliyə namizəddir və seçilsə, vəzifə müddətinin sonunda 82 yaşı olacaq.
Debat zamanı Harris və Tramp iqtisadiyyatdan tutmuş, immiqrasiya, demokratiya, abort və İsrail-HƏMAS müharibəsinə kimi bir sıra məsələlərlə bağlı mübahisə etdi.
Debatdan bəzi əsas məqamlar:
İqtisadiyyat
Debatdakı ilk mövzu iqtisadiyyat oldu. Harris “fürsət iqtisadiyyatı” qurmaq istədiyini dedi. O, yeni kiçik bizneslər üçün vergi kreditini 5 min dollardan 50 min dollara yüksəltmək planından bəhs etdi.
“Mən bu səhnədə orta təbəqəni yüksəltməklə bağlı planı olan yeganə insanam,” o dedi və əlavə etdi ki, Tramp zənginlərə vergi güzəştləri ilə kömək etmək istəyir.
Tramp korporasiyaların vergi nisbətini hazırda mövcud olan 21 faizdən 15 faizə azaldacağını dedi. Harris onu 28 faizə qaldırmaq istəyir. Trampın 2017-ci ildə qəbul etdiyi vergi qanunundan öncə həmin vergi nisbəti 35 faiz idi.
Tramp iqtisadiyyatla bağlı suala cavabının böyük hissəsini immiqrasiyaya sərf etdi. Ancaq o həmçinin dedi ki, Birləşmiş Ştatlarda ən yaxşı iqtisadiyyatlardan birini qurub. O, təfərrüat vermədən, bunu yenə edəcəyini söylədi.
“Baxın, bizim iqtisadiyyatımız bərbad idi, çünki inflsiya var idi ki, o da ölkəni məhv edir,” Tramp dedi.
İmmiqrasiya
Bu seçki kampaniyasında ən əsas məsələlərdən biri də immiqrasiyadır. Tramp debat boyu – moderatorlar immiqrasiya ilə əlaqəsi olmayan sual verdikləri zaman belə - Bayden adminsitrasiyasının immiqrasiya ilə bağlı gördüyü işləri tənqid etdi.
Harris Trampı bu ilin əvvəlində ABŞ-ın cənub sərhədinə əlavə 1500 sərhədçi yerləşdirəcək ikipartiyalı qanun layihəsini əngəllədiyinə görə tənqid etdi. Harris dedi ki, o, həmin qanun layihəsini dəstəkləyəcək.
Abort
Tramp prezident ikən ABŞ-ın Ali Məhkəməsinə üç hakim təyin edib ki, onlar 2022-ci ildə konstitusion abort hüququnu ləğv edən çoxluğu təşkil etməyə kömək edib. Həmin qərar ştatların ölkə boyu abortla bağlı məhdudlaşdırıcı qaydalar tətbiq etməsinə zəmin yaradıb.
“Ali Məhkəmə bunu etməklə böyük cəsarət sərgilədi,” Tramp debat zamanı dedi.
Aborta ümummilli qadağanın tətbiq edilməsini dəstəkləyib-dəstəkləməyəcinə dair suala cavabında o, “Xeyr, mən aborta qadağanın lehinə deyiləm. Amma bunun əhəmiyyəti yoxdur, çünki bu məsələyə artıq ştatlar nəzarət edir” dedi.
O həmçinin zorlama, insest və ya ananın həyatı risk altında olduğu hallarda aborta qarşı olmayacağını bildirdi. Bundan əlavə o, yanlış olaraq Demokratların “doğuşdan sonra” abortları dəstəklədiklərini iddia etdi.
Harris isə cavab olaraq qadınların reproduktiv hüquqlarının vacibliyini vurğuladı.
“Bir insan hökumətin və əlbəttə ki, Donald Trampın bir qadına öz bədənilə nə etməli olduğunu deməməli olduğu ilə razılaşanda iman və ya dərin inancından vaz keçmir,” o dedi və əlavə etdi ki, Konqresin federal abort qorunmasını kodlaşdırmaq üçün qanun layihəsi qəbul etməsini dəstəkləyəcək və prezident olaraq onu imzalayacaq.
Qanunun aliliyi, demokratiyaya təhdidlər və 6 yanvar
Harris on ildən çox prokuror vəzifəsində çalışıb. İlk olaraq o, San Fransiskoda rayon prokuroru, daha sonra isə Kaliforniyanın baş prokuroru olub. Harrisin seçki kampaniyasının əsas hissəsi Trampı demokratiyaya hədəf olaraq təsvir etməkdir.
Harris debat zamanı Trampın məhkum olunmuş cinayətkar olduğunu vurğuladı. Tramp isə cavab olaraq, Harris və Bayden administrasiyanın onu mühakimə etmək üçün hökuməti “silahlandır”dığına dair əsassız ittiham irəli sürdü.
Moderatorun Trampın 2020-ci il prezident seçkisində məğlub olduğunu qəbul edib-etməyəcəyinə dair sualına o, yanlış iddia ilə cavab verərək, əslində seçkidə qalib gəldiyini dedi. Yanvarın 6-da baş verən iğtişaşla bağlı isə Tramp “Mənim onunla heç bir əlaqəm yox idi. Onlar sadəcə olaraq məndən çıxış etməyimi istədilər,” dedi.
“Artıq səhifəni şevrimək vaxtıdır,” Harris dedi.
“Bizim kampaniyamızda ölkəmizi müdafiə etmək, demokratiyanı müdafiə etmək, qanun aliliyini müdafiə etmək, xaosa son qoymaq və demokratiyamızın təməllərinə zərbə vurmaq kimi yanaşmaya son qoymaq üçün yer var,” o əlavə etdi.
Rusiya-Ukrayna müharibəsi və İsrail-HƏMAS müharibəsi
Moderatorlar Harris və Trampa daxili siyasətlə yanaşı, xarici siyasət məsələləri, o cümlədən Ukrayna və Rusiya, habelə İsrail və HƏMAS arasında gedən müharibələr barədə suallar ünvanladı.
İsrail-HƏMAS müharibəsi ilə bağlı Harris dedi ki, Birləşmiş Ştatlar İsraili müdafiə edəcək. O əlavə etdi ki, iki-dövlətli həll yolunu dəstəkləyir. Müharibəyə “dərhal son qoyulmalıdır və onun sonlanmasının yolu odur ki, bizim atəşkəslə bağlı razılığa ehtiyacımız var və biz girovları çıxarmalıyıq”, Harris dedi .
Tramp iddia etdi ki, Harris prezident olsa “İsrail yox olacaq.” Bu iddia isə əsassızdır. Tramp həmçinin, oktyabrın 7-də İsrailin cənubunda HƏMAS tərəfindən törədilən qırğının o prezidet olsa, he vaxt baş verməyəcinə dair iddiasını təkrarladı.
Tramp dedi ki, o, prezident olsa idi, Rusiya-Ukrayna müharibəsi heç vaxt olmazdı. Ukrayanın Rusiyaya qarşı müharibədə qalib gəlməsini istəyib-istəmədiyinə dair suala cavab olaraq Tramp “Mən müharibənin dayanmasını istəyirəm” dedi.
Harris isə “Donald Tramp prezident olsa idi, Putin indi Kyivdə oturardı” deyə cavab verdi.