İsrail İranı ölümcül və gözlənilməz zərbə ilə hədələdi
10-10-2024, 08:34
“İsrail raket hücumuna cavab olaraq İrana zərbə endirmək planlarından əl çəkmir, bu, o qədər ölümcül və gözlənilməz olacaq ki, iranlıların heç nə başa düşməyə vaxtı olmayacaq”.
Yeniavaz.com xəbər verir ki, bu açıqlama ilə İsrailin müdafiə naziri Yoav Qalant çıxış edib.
“İranın hücumu aqressiv, lakin qeyri-dəqiq idi. Hücumumuz, əksinə, ölümcül, son dərəcə dəqiq və ən əsası, gözlənilməz olacaq. İranlılar nə baş verdiyini və necə baş verdiyini başa düşməyəcəklər. Sadəcə nəticələrini görəcəklər”, - nazir bildirib.
Qalant bir daha vurğulayıb ki, İranın zərbəsi İsrail Hərbi Hava Qüvvələrinin potensialına heç bir ziyan vurmayıb, bütün hava bazaları normal rejimdə işləyir, bir dənə də olsun təyyarə zədələnməyib. O, həmçinin qeyd edib ki, yəhudi dövlətinin bütün hərbi və siyasi rəhbərliyi - əsgərindən tutmuş baş nazirə qədər - islam respublikasına qarşı zərbə planlaşdırmaq üçün ardıcıl çalışır.