Sevinc Vaqifqızının həbsxanada ayrı-seçkiliyə məruz qaldığı bildirilir

Bu gün, 12:17           
Sevinc Vaqifqızının həbsxanada ayrı-seçkiliyə məruz qaldığı bildirilir
"Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızının saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında ailəsi ilə canlı görüşə icazə verilmədiyi bildirilir. Bu barədə onun anası Ofelya Məhərrəmova məlumat verib.

Anasının sözlərinə görə, digər məhbusların ailə üzvləri onlarla maneəsiz görüşür, lakin Sevinc Vaqifqızının hüquqları pozulur və o, ayrı-seçkiliyə məruz qalır.

"Parlament seçkilərdən sonra Sevinclə canlı görüşə bilməmişəm. Sevincə içində mahnılar olan yaddaş kartı aparmışdım, onu da buraxmadılar.
Bütün məhbusların ailələrinə rahat olan şeyləri bizim üçün qadağan ediblər. Təcridxananın rəisi Elnur İsmayılov mənə dedi ki, "Sevinc son parlament seçkilərində təcridxanada əcnəbi vətəndaşların da səs verdiyini ictimailəşdirdiyi üçün cəzalandırılır". Rəis deyib ki, "gedin hara nə istəyirsiniz yazın, vecimə də deyil", – deyə Ofelya Məhərrəmova qeyd edib.

Hüquqşünas Səməd Rəhimli Amerikanın Səsinə bildirib ki, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Qanunun 15.2.1-ci maddəsinə əsasən həbs edilmiş şəxslərin hüquqlarından biri qanunvericiliklə nəzərdə tutulmuş qaydada yaxın qohumları və əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşmək hüququdur. Hüquqşünasın sözlərinə görə, həmin qanuna əsasən həbs edilmiş şəxslərin yaxın qohum və qanuni maraq doğuran digər şəxslərlə görüşmək hüququ ayda dörd dəfə 4 saatadək müddətə ləyaqətli şəraitdə və nəzarət altında həyata keçirilir.

"Həbs edilmiş şəxsin görüş hüququnun həyata keçirilməsi detallı şəkildə Həbs yerlərinin Daxili İntizam Qaydaları ilə tənzimlənir. Görüşlərin keçirilməsi qaydaları Daxili İntizam Qaydalarının 19-cu bəndinə uyğun olaraq yerinə yetirilir. Həmin Qaydalara əsasən görüş hüququ istintaq təcridxanasının görüş otağında həyata keçirilir. Görüş otaqları həmin Qaydalara uyğun inventarla təmin edilir. Görüş otaqlarının inventarla təchiz edilməsi həmin Qaydalara 11-ci əlavəyə uyğun formalaşdırılır. Görüş otaqlarının inventar təchizatı qaydasına əsasən otaqda bir-birindən döşəmədən tavanadək şüşələnmiş arakəsmələrlə ayrılan 80 sm enində və 100 sm uzunluğunda kabinələr təşkil olunur. Bu inventar təchizat qaydalarına uyğun olaraq görüş otaqlarında görüş şüşə arakəsməli kabinlər vasitəsilə yerinə yetirilir. Lakin istintaq təcridxanalarının ümumi təcrübəsibdən bəllidir ki, şüşə arakəsmələr olmayan canlı görüşlərin keçirilməsinə imkan yaradan görüş otaqları mövcuddur".

Rəhimli qeyd edir ki, daxili intizam qaydalarında müəyyən edilən normalarla yanaşı, həbs edilmiş şəxslərin yaxın qohumları ilə canlı və birbaşa ünsiyyətlə görüşməsinə imkan yaradan görüş otaqları üzrə inzibati praktika var.
"Belə inzibati praktika qanunvericiliyə zidd deyil və qanunvericiliklə yanaşı belə görüş otaqları formalaşdırıla bilər. "İnzibati icraat haqqında" Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
Beləliklə, "İnzibati icraat haqqında" Qanun vətəndaşların, o cümlədən həbs edilmiş şəxslərin inzibati praktikaya etimad hüququnu müəyyən edir. Bu halda istintaq təcridxanalarında yaxın qohumlarla canlı görüşə (ünsiyyətə) imkan verən görüş otaqlarının mövcuduluğuna dair inzibati praktikaya etimad hüququ qorunmalıdır. Bu etimad hüququ istintaq təcridxanasının rəhbərliyi tərəfindən təmin edilməlidir" - deyə, hüquqşünas bildirib.

Səməd Rəhimli əlavə edib ki, əgər istintaq təcridxanası ifadə azadlığını həyata keçirərək istintaq təcridxanasında baş verən iddia edilən qanunsuzluğu ictimailəşdirdiyinə görə həbs edilmiş şəxsi canlı görüşə imkan verən görüş otağından məhrum edirsə, bu halda onun etimad hüququ istintaq təcridxanasının rəhbərliyi tərəfindən qisasçı məqsədlə pozulur:

"Bu isə hüquqaziddir. Hazırda Sevinc Vaqifqızının da istintaq təcridxanası ilə bağlı məsələni ictimailəşdirdiyinə görə canlı görüşə imkan verən görüş otağından məhrum edilməsi "İnzibati icraat haqqında" Qanunun 13-cü maddəsi ilə nəzərdə tutulan inzibati praktikaya etimad hüququnun pozuntusudur və qisasçı motivlə hüququn əsassız yerə məhdudlaşdırılmasıdır".

Məsələ ilə bağlı 1 saylı Bakı İstintaq Təcridxanasından və Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

Oktyabrın 4-də həyat yoldaşı Rübabə Quliyeva Ülvi Həsənlinin həbsxanada qeyri-insani rəftara məruz qaldığını bildirib.

Avqustun 21-də isə Rübabə Quliyeva sosial şəbəkələrdə Ülvi Həsənlinin həyatına təhlükə olduğu barədə məlumat yayıb.

Həmin dövrdə Penitensiar Xidmət iddianı təkzib edib.

"Abzas Media" işi ilə bağlı nə baş verib?

"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

Bu ilin avqust ayında isə "Abzas Media işi" üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.

Sentyabrın 9-da "Abzas Media işi" üzrə həbsdə olan şəxslərin ibtidai istintaqının yekunlaşdırıldığı bildirilir.

"İndi bütün təqsirləndirilən şəxslər və onların vəkilləri ayrı-ayrılıqda istintaq materialları ilə tanış olacaq. Daha sonra iş baxılması üçün məhkəməyə göndəriləcək", vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.