ZELENSKİ MÜHARİBƏNİ DAYANDIRIR – “Ukrayna bu şərtlərlə atəşkəsə hazırdır”

Bu gün, 11:04           
ZELENSKİ MÜHARİBƏNİ DAYANDIRIR –
Son zamanlar Ukraynada müharibənin dayandırılması və sülh danışıqları mövzusunda müzakirələrin artması fonunda Ukrayna Prezidenti Volodimir Zelenskinin xarici səfərləri də xeyli çoxalıb. Bu, Rusiya ilə danışıqların detallarının Qərblə razılaşdırılması yönündə atılan addım hesab edilir.

“AzPolitika” xəbər verir ki, İtaliyanın “Corriere della Sera” qəzetinin yazdığına görə, Ukrayna ABŞ-dən təhlükəsizlik zəmanətinin alınması və Avropa İttifaqına daxil olmaq müqabilində öz ərazilərinin itirilməsini rəsmən tanımadan hazırkı cəbhə xətti boyunca atəşkəsə hazırdır.

Yazıda qeyd olunur ki, Prezident Volodimir Zelenski bir ay ərzində ikinci dəfə İtaliyaya gəlib və burada yenidən Baş nazir Giorgia Meloni ilə görüşəcək. Zelenski bu gün Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşəndən sonra Meloni ilə görüşə gedəcək. Sabah o, Berlinə getməzdən əvvəl Roma Papası ilə görüşmək üçün Vatikana səfər edəcək. Zelenski səfərin sonunda Londonda Böyük Britaniyanın Baş naziri Key Starmerlə də görüşməyi planlaşdırır.
Nəşr qeyd edir ki, bu fəaliyyəti Zelenskinin Ukrayna üçün sülhü təmin edəcək və onu Rusiyanın gələcək təcavüzlərindən qoruyacaq həll yolu tapmaq istəyindən xəbər verir: “Məlum olduğu kimi, Zelenski qeyd edib ki, Ukraynanın payız-qış aylarında sülh və sabitliyə nail olmaq üçün real imkanları var. O vurğulayıb ki, cəbhədəki vəziyyət 2025-ci ilə qədər müharibəni bitirmək üçün qətiyyətli addımlar atmağa imkanlar açır. İndi Ukrayna qüvvələri Donbassda ciddi saya malikdir, lakin Kursk vilayətinin işğalı ilə bağlı vəziyyət mürəkkəbdir. Bu hücum əhval-ruhiyyəni yüksəltmək və müttəfiqlərin dəstəyini qazanmaq üçün nəzərdə tutulmuşdu, lakin indi xeyli sayda Ukrayna qüvvələri Rusiya ərazisində müəyyən mənada təcrid vəziyyətindədir və bu, Donbasdakı qüvvələrə kömək etmək imkanlarını məhdudlaşdırır. Kurskdan çıxmaq Ukraynaya xeyli baha başa gələ bilər, çünki o, Rusiya qoşunlarının Sumı bölgəsinə hücum edə biləcəyindən ehtiyatlanır”.

Qəzet yazır ki, Zelenski indi avropalılardan ən çox da siyasi dəstək gözləyir: “Məsələn, Zelenski bilir ki, işğal olunmuş ərazilərdən heç vaxt rəsmən imtina edə bilməyəcək. Bununla belə, o, Qərbin müəyyən öhdəlikləri müqabilində hazırkı xətt üzrə - yeni sərhədi rəsmən tanımamaqla atəşkəs rejimini qəbul etməyə hazır görünür”.

Qeyd olunur ki, Qərbin təhlükəsizlik təminatı deyərkən, söhbət ABŞ-nin Yaponiya, Cənubi Koreya və Filippinə verdiyi təhlükəsizlik zəmanətlərinin Ukraynaya da verilməsindən gedir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.