Avropa Məhkəməsi Azərbaycanla bağlı üç yeni qərarını elan edib

Bu gün, 11:54           
Avropa Məhkəməsi Azərbaycanla bağlı üç yeni qərarını elan edib
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 10-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə 3 yeni qərarını elan edib. Qərarlara əsasən, Azərbaycan hökuməti şikayətçilərə ümumilikdə 47 min avro civarında təzminat ödəməli olacaq.

Məhkəmənin qərar çıxardığı işlərdən biri “Gəncə hadisələri” zamanı öldürülən Anar Bağırovun yaxınlarının şikayəti üzrə açılan işdir.

Anar Bağırov 2018-ci il iyulun 3-də Gəncə şəhərinin icra başçısının güllələnməsi ilə bağlı cinayət işi üzrə axtarışa verilmiş, iyulun 20-də Bakı ətrafında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən onun tutulması üçün keçirilən əməliyyat zamanı öldürülmüşdü.

İşə dair istintaq sənədlərində onun aldığı dörd güllə yarasından yalnız birinin ayaq üstə olarkən aldığı, bir güllənin isə ölümündən bir qədər sonra dəydiyi qeyd edilsə də, işə baxan müstəntiq son qərarında DTX əməkdaşlarının əməllərində cinayət tərkibinin olmadığına dair nəticə çıxarmışdı. Müstəntiqin hesabatında Bağırovun silahlı müqavimət göstərdiyinə görə öldürüldüyü qeyd edilib.

2019-cu ildə Bağırovun bacısı Aynur Bağırova qardaşının DTX əməkdaşları tərəfindən qəsdən öldürüldüyünü və müstəntiqin onun öldürülməsi ilə bağlı effektiv araşdırma aparmadığını iddia edərək Binəqədi Rayon Məhkəməsinə şikayət etmişdi. Ancaq yerli məhkəmələr onun şikayətini təmin etməmişdi.

Bağırova Avropa Məhkəməsinə qardaşının dövlət təmsilçiləri tərəfindən qəsdən öldürülməsindən və yerli hakimiyyət orqanlarının onun ölümü ilə bağlı səmərəli araşdırma aparmamasından şikayət etmişdi.

AİHM bu gün elan etdiyi qərarında ərizəçinin şikayətini təmin edib və Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 2-ci maddəsinin (Yaşamaq hüququ) pozuntusunu tanıyıb. Qərarda qeyd edilir ki, yerli hakimiyyət orqanları ərizəçinin qardaşının öldürülmə şəraiti ilə bağlı səmərəli araşdırma aparmayıblar və hökumət onun silahlı müqavimət göstərdiyi üçün öldürülməsini ağlabatan şəkildə sübut edə bilməyib.

Qərara əsasən, hökumət vəkil Cavad Cavadovun təmsil etdiyi ərizəçiyə mənəvi zərər və xərclərə görə ümumilikdə 32 min avro təzminat ödəməlidir.
AİHM keçmiş baş prokurorun şikayətlərini təmin edib
Strasburq məhkəməsi bu gün həmçinin hazırda həbsdə olan keçmiş baş prokuror Eldar Həsənovun işi ilə bağlı qərarını elan edib.

Hüquqşünas Xalid Ağaliyevin verdiyi məlumata görə, bu iş 1995-2000-ci illərdə baş prokuror, 2001-2020-ci illərdə səfir kimi fəaliyyət göstərən Eldar Həsənovun həbsi ilə əlaqəli olub.

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri olan Eldar Həsənov 2020-ci il avqustun 13-də vəzifə səlahiyyətlərindən sui-istifadədə və büdcə vəsaitindən təyinatına uyğun olmayan istifadədə şübhəli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, 21 yanvar 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən əmlakı müsadirə edilməklə, 10 il müddətinə azadlıqdan məhrum edilib. Həsənov ittihamları əsassız adlandırıb və hakimiyyətdə təmsil olunan müəyyən fiqurların onun siyasi iddiada olması barədə dövlət başçısına yalan məlumat ötürdüyünü deyib.

Eldar Həsənovun Avropa Məhkəməsinə şikayəti Konvensiyanın 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5-ci (azadlıq və təhlükəsizlik hüququna qanunsuz müdaxilə) və 18-ci (məhdudiyyətlərdən istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanırdı.

O iddia edirdi ki, onun saxlanılması və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün ağlabatan əsaslar mövcud olmayıb və həbsdə olarkən ona lazımi tibbi yardım göstərilməyib.

Bundan əlavə, Konvensiyanın 34-cü maddəsinə əsaslanan ərizəçi Azərbaycan hökumətinin, Məhkəmənin 39-cu Qaydaya əsasən verdiyi müvəqqəti tədbirlərin görülməsi barədə qərarına əməl etməməklə onun fərdi şikayət hüququnu pozmasından da şikayət etmişdi.

Məhkəmə bu işdə ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü və 5-ci maddələrinin pozuntusunu aşkarlayıb.

Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərclərə görə ümumilikdə 9234 avro təzminat ödəməlidir. Ərizəçini AİHM qarşısında hüquqşünaslar Emin Abbasov və Emin Aslanov, vəkil Cavad Cavadov təmsil edib.

Son olaraq, AİHM “Cəfərova və başqaları Azərbaycana qarşı” işi üzrə qərarını elan edib.

Bu məhkəmə işi toplaşmaq və effektiv müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusu iddiaları ilə bağlı olub. Hökumət kommunikasiya zamanı təktərəfli bəyannamə ilə pozuntuları etiraf edib, ərizəçilərə təzminat ödəməyi öhdəsinə götürüb.

Məhkəmənin qərardadına görə, hökumət ərizəçilər - Aygül Cəfərova, Gülnarə Mehdiyeva, Vəfa Nağıyeva və Seymur Nəzərovun hər birinə 1575 avro təzminat ödəməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.