Gürcüstan həbsxanasında 24 gündür aclıq edən azərbaycanlı jurnalistin səhhəti kəskin pisləşib
15-10-2024, 17:03
Oktyabrın 14-də Gürcüstan həbsxanasında 24 gündür aclıq edən AzelTV saytının rəhbəri, azərbaycanlı jurnalist Əfqan Sadıqovun səhhəti kəskin pisləşib.
Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə deyib ki, bu barədə həyat yoldaşı saxlanıldığı təcridxananın xəstəxanasından ona zəng edərək bildirib.
“Əfqan dedi ki, oktyabrın 14-də səhər saatlarında su içmək məqsədi ilə ayağa qalxdığı zaman yıxılıb və ayılanda başının üstündə həkimləri görüb. O özünə gələndən sonra həkimlər qan analizi götürüblər. Ayılmağı nə qədər vaxt çəkib bilmir. Amma vəziyyətinin ağır olduğunu bilirəm. Vəziyyəti getdikcə daha da pisləşir. Bu gün aclığının 24-cü günüdür. O, aclıq edə bilməz çünki sağlamlığı buna yol vermir. Bu aclıq aksiyası onu öldürə bilər. Qanunun deyil sifarişin işlədiyi ölkədə insanları ölümə məhkum edirlər. Çox təəssüf ki, Gürcüstan hakimiyyəti Əliyev hakimiyyətinin siyasi sifarişini icra edir”, o qeyd edib.
Sevinc Sadıqova bildirib ki, səhhətinin ağırlaşmasına baxmayaraq jurnalist aclığı sonadək davam etdirəcəyini bildirib.
“Mən ondan yalvarışla xahiş etdim ki, aclığı dayandırsın. Amma o inadından dönmür. Dedi ki, qanunların işləmədiyi ölkələrdə aclıq etməkdən başqa özünü müdafiə yolu görmür”, o qeyd edib
Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş jurnalist Əfqan Sadıqovun aclığının 17-ci günündə səhhəti ağırlaşıb. O, oktyabrın 7-də bu ölkənin Penitensiar Xidmətinin Tibb müəssisəsinə köçürülüb.
Bundan öncə, oktyabrın 2-də və 3-də Gürcüstan Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsində azərbaycanlı jurnalistin hüquqlarını müdafiə edən “Gürcüstanın Hüquqları” təşkilatının vəkilləri onunla görüşündən sonra bildirmişdi ki, Sadıqovun səhhətinin pisləşməsi nəzərə çarpır, onun hərəkət etməsi, danışması və diqqətini cəmləməsi çətinləşib.
Bundan sonra “Gürcüstanın Hüquqları” Əfqan Sadıqovun səhhətinin daha da pisləşməsinin qarşısını almaq üçün müvafiq tibb müəssisəsinə köçürülməsi üçün cəzaçəkmə müəssisəsinə müraciət edib.
Əfqan Sadıqov 2024-cü il sentyabrın 16-da Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin ona Gürcüstanda beynəlxalq mühafizə (sığınacaq) verilməsindən imtina etməsindən sonra sentyabrın 21-də aclıq aksiyasına başlayıb.
Azərbaycanlı jurnalist Əfqan Sadıqov 2023-cü il dekabrın 24-dən Gürcüstandadır və Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən verilmiş müvəqqəti yaşamaq icazəsinə malikdir.
İyulun 18-də Əfqan Sadıqov ailəsi ilə birlikdə Türkiyəyə getmək istəsə də, sərhədçilər ona icazə verməyiblər və bildiriblər ki, həyat yoldaşı və uşaqları sərhədi keçə bilər, lakin Əfqan Sadıqov yalnız Azərbaycana qayıda bilər. Gürcüstan tərəfində artıq Azərbaycanda ona qarşı cinayət işinin başlanması və axtarış elan edilməsi barədə məlumat olmasına baxmayaraq, səbəbi izah edilməyib.
Gürcüstan Prokurorluğunun məlumatına görə, Əfqan Sadıqova qarşı Azərbaycanda 2024-cü il mayın 9-da cinayət işi başlanıb. Mayın 13-də Azərbaycan tərəfi ekstradisiya tələbi ilə Gürcüstanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edib.
Avqustun 2-də Əfqan Sadıqov “Gürcüstanın Hüquqları”nın vəkili ilə birlikdə Gürcüstanın ombudsmanı ilə görüşüb və onun Türkiyəyə buraxılmaması faktını müzakirə ediblər. Daxili İşlər Nazirliyi Əfqan Sadıqovun Gürcüstandan buraxılmamasının səbəbi ilə bağlı ombudsmanın ofisinə məlumat verməyib, habelə ona qarşı Azərbaycanda cinayət işinin başlanması və axtarış qərarı barədə məlumat verməyib.
Azərbaycanlı jurnalist avqustun 3-də Tbilisidə Mərkəzi Kriminal Polisinin nümayəndələri tərəfindən həbs edilib və o vaxtdan Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsindədir. Onun həyat yoldaşı və azyaşlı uşaqları həbsin şahidi olublar. Əfqan Sadıqov axtarışda olduğunu və barəsində Azərbaycanda cinayət işi açıldığını yalnız həbs olunandan sonra bilib.
İstintaqın məlumatına görə, Əfqan Sadıqovun həbsi Azərbaycanın tələbi ilə həyata keçirilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 188.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətdə - “hədə-qorxu ilə tələb etmə, tanımadığı şəxsin külli miqdarda əmlakını ələ keçirmə, təhqiredici məlumat yaymaqla hədələmə”də ittiham olunur.
Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqovun barəsində həbs qətimkan tədbiri olaraq 3 aylıq ekstradisiya həbsi qərarı verib.
Avqustun 8-də “Gürcüstanın Hüquqları”nın vəkilləri qərardan apellyasiya məhkəməsinə şikayət verərək Əfqan Sadıqovun 3 aylıq ekstradisiya həbs cəzasının ləğv edilməsini, alternativ olaraq məhkəməyə girovdan istifadə olunmasını təklif edib. Eyni zamanda, Əfqan Sadıqov və vəkilləri Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə Gürcüstandan beynəlxalq sığınacaq verilməsi xahişi ilə müraciət edib.
Avqustun 13-də Tbilisi Apellyasiya Məhkəməsinin İstintaq İşləri üzrə Kollegiyasının hakimi Giorgi Mirotadze “Gürcüstanın Hüquqları”nın apellyasiya şikayətini qəbuledilməz hesab edib və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlayıb.
Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə Azərbaycanda həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.
2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan Sadıqov həbsxanada 242 gün aclıq edib.
Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.