Bakının müdafiə etdiyi Kemi Seba kimdir?
16-10-2024, 00:07
Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayxan Hacızadə Fransada "Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan" Kemi Seba və "Telegram" sosial şəbəkəsinin təsisçisi Pavel Durovun Fransada həbs olunması fundamental insan hüquqlarının pozulması adlandırıb.
Azərbaycan Xarici İşlər Nazirliyi həmin şəxslərin siyasi əqidəsinə və fikirlərinə görə təqib olunmasını qəbuledilməz hesab edir.
“Hesab edirik ki, Fransada siyasi motivli bu kimi həbslər Avropa İttifaqı, Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının aidiyyatı qurumları tərəfindən araşdırılmalı, onlara müvafiq qiymət verilməlidir”, - Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib.
Pavel Durovun kimliyi yaxşı məlumdur, ancaq Kemi Seba haqqında az adam eşidib. İnternetdə baxsaq, maraqlı şeylər tapmaq çətin deyil.
Kemi Seba 9 dekabr 1981-ci ildə FransanınStrasburq şəhərində əslən Benindən olan ailədə anadan olub. Əsl adı Stellio Jil Rober Kapo Şişidir. Özünü panafrikanizm mövqeyindən çıxış edən siyasətçi adlandırır. Onu qara radikalizmin ikonası adlandırırlar. Fransız neokolonializminə qarşı cəbhənin qurucusudur.
18 yaşında "İslam milləti" təşkilatına üzv olub. 2002-ci ildə Kemetlər Partiyasının təsisçilərindən biri olub və "Kemi Seba" təxəllüsünü götürüb. 2004-cü ildə antisemitizm, kemetizm və islamı təbliğ edən "Tribu Ka" qrupunu yaradıb. Onlar qarışıq nikahlara, bütün dünyada irqi bölgü və köləliyə görə kompensasiya tələbinə qarşı çıxırlar.
2006-cı ilin iyulunda Fransa Daxili İşlər Nazirliyinin qərarı ilə "Tribu Ka" buraxılıb.
2011-ci ildə Seba Seneqala köçüb və orada mühazirələr oxuyub. 2017-ci ilin sentyabrında Seneqal hökuməti "ictimai asayiş üçün ciddi təhlükə" olduğuna görə onu ölkədən çıxarıb.
2019-cu ilin martında etirazlar təşkil etmək üçün Kot-d’İvuara gedib, ancaq ölkənin təhlükəsizliyinə təhdidə görə Beninə göndərilib.
2019-cu ilin dekabrında Burkina- Fasoda keçirilən konfransda bu ölkənin prezidentini robot, Nigeri prezidentini "ağılsız", Kot-d’İvuar prezidentini "dramatik" və Fransa prezidentini "kuklaçı" adlandırıb. Bu açıqlamalardan sonra iki ay həbs olunub və 200 000 frank cərimə edilib.
23 fevral 2020-ci ildə Seba Seneqala qayıdıb və hava limanında saxlanılıb, sonra isə Belçikaya göndərilib.
Kemi Seba üç dəfə həbsdə olub: 2006-cı ilin sentyabrında antisemit ifadələrə görə. 2007-ci ilin fevralında İsrail nümayəndəsini təhqir etdiyinə görə 5 ay müddətinə həbs olunub. 2008-ci ilin aprelində məhkəmə Kemi Sebanı bir il həbs cəzasına məhkum edib.
2024-cü ilin fevralında Fransa hakimiyyəti Qərbi Afrika boyunca antifransa əhval-ruhiyyəsinin yayılmasına görə Sebanı Fransa vətəndaşlığından məhrumetmə proseduruna başlayıb.
Deyilənlərə onu da əlavə etmək lazımdır ki, Kemi Seba bu yaxınlarda Bakıda keçirilən "Fransanın Afrikada neokolonializm siyasəti" mövzusunda beynəlxalq konfransın iştirakçısı olub. (Turan)