Həyacan təbilini çalmaq vaxtıdır, ölkədə mətbuat və söz azadlığının məhv edilməsi prosesi gedir
10-07-2019, 18:24
Azərbaycanda mətbuat və söz azadlığı tam təmin edilib! – adətən bunu ölkə rəsmilərinin dilindən tez-tez eşidirik. Reallıqda isə ölkədə mətbuat və söz azadlığının tamamilə sıradan çıxardılması və məhv edilməsi prosesi davam edir. Hazırda Azərbaycanda mətbuat azadlığı ilə bağlı vəziyyət o dərəcədə acınacaqlıdır ki, ümumiyyətlə müstəqil mətbuatın mövcudluğundan danışmaq çətindir. Azərbaycan hakimiyyətinin müstəqil mətbuata qarşı represiv qaydaları Rusiya prezidenti Vladimir Putin rejiminin media formatına uyğun proqramlaşdırılıb. Bu reproduksiyanın memarlarına gəlincə, onlar Azərbaycanın Prezident Administrasiyasında (PA) oturan, Rusiyanın 5-ci kolonunun şəbəkəsidirlər.
Azərbaycan mətbuatının yaxın keçmişinə nəzər saldıqda, bu illər ərzində mətbuatın monopoliyaya alınması və jurnalistləri aslı bir vəziyyətə gətirib çıxartmaqla hakimiyyət ölkədə müstəqil mətbuatın cəlladı olduğunu nümayiş etdirmiş olub. Sonda təbii ki, Azərbaycanda ifadə azadlığının boğulması, jurnalistlərə qarşı təzyiqlər, təqiblər və.s xoşagəlməz hadisələr dövlət başçısı İlham Əliyevin ayağına yazılır. Bu belə də olmalıdır. Çünki ölkədə baş verən proseslərə məsul şəxs məhz İlham Əliyevdir. Belə olduğu halda dünyada qınaq obyektinə çevrilməklə yanaşı, İlham Əliyev demək olar ki, hər il beynəlxalq təşkilatlar tərəfindən elan edilən “mətbuatın düşmənləri” siyahısında öncül yerlərdən birini tutur. Lakin Azərbaycan jurnalistikasının əcaib hala salınmasında müstəsna xidmətləri olan PA-nın ictimai-siyasi sektoruna rəhbərlik edən, prezidentin köməkçisi Əli Həsənov və onun tam nəzarəti altında olan Mətbuat Şurasının “qələm ustaları” “yaxşı oğlan” obrazında kənarda qalmaqda davam edirlər. İndi sizcə buna görəsən nə ad vermək olar. Əflatun Amaşovun və yaxud da onun Prezident Administarasiyasında əyləşən baş bilənlərinin İlham Əliyevə qarşı təxribatları yoxsa sədaqətləri.
Əslində İlham Əliyev özünün düşmənlərini müxalifətdə yox, Prezident Administrasiyasında axtarması daha məqsədə uyğun olardı. Çünki, məlum məsələdir ki, müxalifətin hazırda vahid gücü yoxdur. Bununla belə müxalifət milyardlarla kapitala malik deyil ki, hakimiyyətə təhlükə hesab edilsin. Əsl təhlükə isə hakimiyyətin daxilindədir.
Qasımlı Kamal
TEREF