İsrail Livanda Hizbullah komandirini öldürdüyünü bildirir
18-10-2024, 07:14
İsrail ordusu cümə axşamı Livanın cənubunda Hizbullahın komandirlərindən birini öldürdüyünü, eyni zamanda Bekaa Vadisində evakuasiya əmrlərinin yeni mərhələsini elan etdiyini bildirib.
İsrail Müdafiə Qüvvələrinin dediyinə görə, öldürülən Hüseyn Avadə adlı komandir İsrailin sərhədyanı ərazilərdən atəşə tutulmasına görə məsuliyyət daşıyıb.
İsrail Livanın bəzi ərazilərində bir neçə dəfə təxliyə əmri verib və bildirib ki, insanlar Hizbullah militantlarının yerləşdiyi ərazilərə yaxın olduqları üçün bu əraziləri tərk etməlidirlər. Əmrlər adətən İsrailin hava hücumlarından əvvəl verilir.
Ən son təxliyə əmrləri cümə axşamı Saraayne, Tamnin və Safri bölgələrində verilib.
Livanın Səhiyyə Nazirliyi çərşənbə günü İsrailin cənubdakı Nabatiyə şəhərinə etdiyi hava hücumları nəticəsində şəhərin meri də daxil olmaqla, 16 nəfərin öldüyünü və 50-dən çox insanın yaralandığını bildirib.
Livan rəsmiləri vilayətin paytaxtına edilən hücumu qınayıb və bunun İsrailin Hizbullah silahlı qruplaşmasına qarşı kampaniyasını indi Livan hökumətinə yönəltdiyinin sübutu olduğunu iddia edib.
Müvəqqəti baş nazir Nacib Mikati İsrail kampaniyası nəticəsində didərgin düşmüş insanlara yardım etmək üçün "şəhərin xidmət və yardım vəziyyətini müzakirə edən bələdiyyə şurasının iclasını qəsdən hədəfləyib" deyib.
Lakin İsrailin müdafiə naziri Yoav Qallant İsrailin Livanla şimal sərhədi yaxınlığına səfəri zamanı deyib ki, İsrail danışıqlara icazə vermək üçün Hizbullah-a hücumunu dayandırmayacaq.
İsrail ordusu Nabatiyə bölgəsində Hizbullahın onlarla hədəfinə hücum etdiyini bildirib.
BMT-nin Livan üzrə xüsusi koordinatoru Janin Hennis-Plassxart deyib ki, İsrailin hücumu "Livanda mülki əhaliyə və mülki infrastruktura hücuma məruz qalan digər insidentlərdən sonra baş verib" və "mülki əhalinin iztirabları görünməmiş həddə çatır".
BMT-nin İsraildəki səfiri Denni Danon bir müxbirin zərbə ilə bağlı sualına "Hizbullah bazalarını hədəf alırıq" deyib. O, spesifik insidentin araşdırılacağını bildirib.