Kreditləri qaytarmayanların hamısı məsuliyyətə cəlb olunur - QALMAQAL

29-05-2015, 11:28           
Kreditləri qaytarmayanların hamısı məsuliyyətə cəlb olunur - QALMAQAL
Beynəlxalq Bankdan on milyonlarla manat kredit alan və geri qaytarmayan iş adamları haqqında başlanmış istintaqla bağlı hər gün yeni məlumatlar yayılır, müxtəlif “maraqlı” məqamlar üzə çıxır.

Bəziləri borcunun olduğunu etiraf edir. Və hətta krediti geri qaytarmaq üçün sərf etdiyi çabalar da gözlərdən qaçmır.

“Avesta” Konserninin prezidenti, iş adamı Hacı İbrahim Nehrəmli və “PNN Group” şirkətinin təsisçisi Nizami Piriyev kimi...

Modern.az saytının əldə etdiyi məlumatlara görə, banklardan böyük məbləğdə kredit alıb qaytarmayanların hamısının həbsinə hazırlıq gedir.

Kimliyindən asılı olmayaraq, borclu vətəndaşlar məsuliyyətə cəlb olunacaq.

Milli Məclisin deputatı Vahid Əhmədov məsələylə bağlı Modern.az saytına açıqlama verib:

“Məsələnin hüquqi mütəvidə həll olunması tamamilə düzgün haldır. Mən hesab edirəm ki, problemi axıra çatdırmaq lazımdır. Dünyada qlobal maliyyə böhranı hökm sürür, neftin qiymətində ciddi dəyişmələr var. Bankların döviyyəsini artırmaq üçün hüquqi və fiziki şəxslər kredit borclarını mütləq surətdə geri qaytarmalıdır. Bunun ikinci yolu yoxdur”.

Deputat bildirib ki, proses hüquq-mühafizə orqanlarının nəzarəti altındadır: “Onlar məsələni obyektiv şəkildə araşdırır. İstər özəl, istərsə də dövlət banklarına olan kredit borcunu uzun müddət saxlamaq düzgün deyil. Hamı dərk etməlidir ki, gec-tez götürülən kreditlər ödənilməlidir”.

“Növbəti həbslərin məsələni kökündən həll edəcəyini düşünürsünüzmü” sualına cavab olaraq deputat, “həbslər heç zaman bütün məsələləri həll etmir” deyə bildirib.

“Fikir verirsinizsə saxlanılanların əksəriyyətindən kreditlərin gecikmə səbəbləri barədə izahatlar alınır və bir müddət saxlanıldıqdan sonra buraxılırlar. Dövlətin vəsaitinə hamı ehtiyatla yanaşmalıdır. Qanun hamı üçün qanundur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.