ABŞ kəşfiyyatından seçki barədə xəbərdarlıq: “Rusiya ən aktiv təhlükədir”
6-11-2024, 00:18
“Amerikalıların siyasi seçimlərinə görə zorakılığa əl atmağa hazır olduqları təəssüratı yaratmaq üçün saxta videolar hazırlayırlar”
ABŞ-da prezident seçkiləri ərəfəsində ABŞ kəşfiyyat orqanları Rusiyanın seçki günü və sonrakı həftələrdə müdaxiləsi təhlükəsi barədə xəbərdarlıq ediblər. AYNA xəbər verir ki, bu barədə DW məlumat yayıb.
“Rusiya ən aktiv təhlükədir. Rusiya ilə əlaqəli təsir dairələri seçkilərin legitimliyini sarsıtmaq, seçiciləri qorxutmaq və amerikalıların siyasi seçimlərinə görə zorakılığa əl atmağa hazır olduqları təəssüratı yaratmaq üçün videolar və saxta məqalələr hazırlayırlar”, ABŞ kəşfiyyat agentliklərinin yaydığı birgə bəyanatda qeyd olunub.
ABŞ kəşfiyyat ictimaiyyəti bu hərəkətlərin yalnız seçki günü və yaxın həftələrdə güclənəcəyindən və bu təbliğatın “yelləncək” ştatlarda xüsusilə güclü şəkildə yayılacağından qorxur. Kəşfiyyat xidmətlərinin məlumatına görə, ABŞ seçkilərinə müdaxilə təhlükəsi həmçinin İrandan da var.
ABŞ-da yüksək emosional seçki mühitində bir çox amerikalılar prezident seçkilərinin iğtişaşlar və digər zorakılıq aktları ilə müşayiət olunacağından ehtiyat edirlər. Sosial ayrı-seçkilik yalnız sosial mediada saxta xəbərlər, radikal şərhlər və nifrət dolu videolarla qızışır.
Uzun illərdir ki, Rusiya Prezidenti Vladimir Putin və onunla əlaqəli rus qrupları ABŞ seçkilərinə təsir etmək üçün manipulyasiya taktikasında ittiham olunurlar. Rusiya üçün bu gün ABŞ-da keçirilən prezident seçkiləri çox önəmlidir - respublikaçı Donald Tramp qalib gəlsə, Rusiyanın təcavüzündən qorunan Ukrayna ən mühüm müttəfiqi olan ABŞ-ın hərbi yardımını itirə bilər.
Müəllif: Ayna.az