Klinton və Tramp müzakirələrə sərt öcəşmə ilə başlayıblar
27-09-2016, 10:16
ABŞ prezidenti postuna namizədlər - Hillari Klinton (Demokratlar Partiyası) və Donald Tramp (Respublikaçılar Partiyası) Nyu-Yorkda müzakirələrə iqtisadi-ticari məsələlər üzrə sərt öcəşmə ilə başlayıblar.
"Report"un məlumatına görə, Tramp qeyd edib ki, onun həmkarı 30 il bu işlərlə məşğul olub və yalnız indi onun həlli barədə düşünməyə başlayıb. O, xüsusilə Şimali Amerika ticarət sazişi olan NAFTA-nı "tarixin ən pis sövdələşməsi" adlandırıb. Sövdələşmə Hillari Klintonun həyat yoldaşı – sabiq prezident Bill Klinton tərəfindən bağlanıb. Demokratlardan olan namizəd etiraf edib ki, ticarət müqavilələri üzrə səsvermələr zamanı heç də həmişə məntiqli addım atmayıb.
Lakin bununla belə, o, həmkarına bunları deyib: "Mən bilirəm ki, Donald, siz öz şəxsi reallıqlarınızla yaşayırsınız".
Tramp isə öz növbəsində prezident seçiləcəyi təqdirdə Vaşinqtonun NAFTA-dakı şərtlərini dəyişəcəyini bildirib: "Biz ticarət müqavilələrinin şərtlərini dəyişməliyik".
Əvvəlcədən şərtləşdirilmiş prosedura müvafiq olaraq müzakirələrdə ilk sual Klinton tərəfindən verilib və iş yerlərinin yaradılması perspektivinə aid olub. "Bizə yeni iş yerləri vəd edən, gələcəyə hesablanmış bir iqtisadiyyat lazımdır", - deyə o bildirib və kiçik biznesin təşviq edilməsi və bərpa olunan enerji mənbələrinin inkişafının zəruri olduğunu qeyd edib.
Tramp öz növbəsində diqqəti iş yerlərinin çox hissəsinin ABŞ hüdudlarından kənarda açılmasına yönəldib: "Biz buna son qoymalıyıq və ədalətli şərait yaratmalıyıq. Biz digər ölkələrin daha bizim iş yerlərini oğurlamamaları üçün danışıqları yenidən aparmalıyıq".
Tramp qələbə qazanacağı təqdirdə iş yerlərini Birləşmiş Ştatlara qaytarmaq, həmçinin Amerika korporasiyaları üçün vergiləri azaltmaq niyyətindədir. "Bizim iş yerlərimiz başqa ölkələrə axıb gedir", - deyə o bildirib və bu ölkələr arasında Çin və Meksikanın adını qeyd edib. "Şirkətlər bizim ölkəni tərk edirlər", - deyə milyarder söyləyib və əlavə edib ki, Birləşmiş Ştatlar sahibkarlara ABŞ-da biznes qurmaq üçün "əlverişli şərait" təklif etməlidir. O, həmçinin ABŞ-da korporativ vergiləri 45%-dən 15%-ə endirəcəyini bildirib.