“İqtisadi böhran inkişaf edib, sosial böhrana, oda inkişaf edib siyasi böhrana keçir”

28-09-2016, 09:31           
“İqtisadi böhran inkişaf edib, sosial böhrana, oda inkişaf edib siyasi böhrana keçir”
Sərdar Cəlaloğlu: “Referendumla qəbul edilmiş müddəalar Azərbaycanda böhranın daha da dərinləşməsinə şərait yaradır. Bu baxımdan referendumdan sonra ölkədə islahatların aparılacağını düşünmək absurddur”
Azərbaycanda konstitutsiyaya təklif edilən dəyişikliklərlə bağlı keçirilən referendum artıq başa çatıb. Heç kimə sirr deyil ki, hökumətə yaxın politoqlar, millət vəkilləri və eləcə də hakimiyyət nümayəndələri tez-tez referendumdan böyük gözləntilərinin olduğunu dilə gətirirdilər. Hətta dünən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, referendumdan sonra Azərbaycanda ciddi islahatlar gözlənilir və artıq bu proses başlayıb. PA rəsmisi onu da vurğulayıb ki, dövlət başçısı 2016-cı ili ölkədə islahatlar ili elan edilib: “İslahatlar artıq başlayıb. Əlbəttə, Azərbaycan post-neft dövrünə hazırlaşırdı, ancaq belə tez bir zamanda post-neft dövrünün gələcəyini gözləmirdik. Buna müvafiq olaraq da Prezident İlham Əliyev dərhal operativ, çevik islahatların keçirilməsi təşəbbüsünü irəli sürdü. Hazırda həmin islahatlar paketi qəbul olunub, islahat qatarı reysə buraxılıb. Bu iş üçün ölkənin bütün imkanları, həm inzibati, həm iqtisadi, həm də insan resursları səfərbər edilməkdədir. Ona görə də referendum təşəbbüsünün əsas səbəblərindən biri də Azərbaycanda post-neft dövründə çevik iqtisadi islahatların keçirilməsi, effektli idarəçilik sisteminin yaradılması və mövcud bürokratik idarəçilikdəki bəzi mexanizmlərin aradan qaldırılmasıdır”.
Maraqlıdır görəsən, “böyük çoşqu” ilə gözlənilən bu islahatlar paketi nədən ibarət olacaq və ümumiyyətlə islahat aparılacaqmı? Bununla bağlı cümhuriyyət. az-ın suallarını cavablandıran Azərbaycan Demokrat Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu qeyd edib ki, bu referendum Azərbaycanda islahatlara əngəl törədən ən başlıca amildir: “Konstitutsiya ölkədə islahat aparmağa imkan vermirsə və konstitutsiyanın özü buna maneə olursa, hansı islahatdan söhbət gedə bilər? İnanmıram ki, Azərbaycanda hər hansı islahat aparmaq mümkün olsun. “Referendumdan sonra ölkədə islahatlar apırılacaq” iddilarının heç bir əsası , mənası yoxdur. Ölkədə ilk olaraq konstitutsiya islahatları aparılmalı idi. Həmin islahatlar da o istiqamətdə aparılmalı idi ki, düşdüyümüz böhranlı vəziyyətdən çıxarmaq üçün yollar axtarılsın. Amma bu gün referendumla qəbul edilmiş müddəalar Azərbaycanda böhranın daha da dərinləşməsinə şərait yaradır. Bu baxımdan referendumdan sonra ölkədə islahatların aparılacağını düşünmək absurddur”.
Təşkilat sədrinin sözlərinə görə, hakimiyyətdə olanlar yaxşı bilirlər ki, iqtisadi böhran inkişaf edib, sosial böhrana, oda inkişaf edib siyasi böhrana keçir: “Siyasi böhran nədir? Ölkədə konstitutsion rejimin, qanunvericiliyin və hakimiyyətin dəyişdirilməsi deməkdir. Bunlar həmin böhranın ortasında, yəni sosial mərhələyə keçmədən siyasi mərhələdə müəyyən addımlar atdılar ki, böhranın məntiqə uyğun inkişafı nəticəsində ölkədə gözlənilən siyasi böhranın qarşısını alsınlar. Başqa heç bir məqsədləri yoxdur”.
S. Cəlaloğlu əhalinin kredit borclarının silinməsi məsələsinə də diqqət çəkib: “Bunların hamısı boş mənasız iddialardır. Ölkədə bir iqtisadi həyat var və bu həyatın öz qanunları mövcuddur. Azərbaycanda həm beynəlxalq böhrana görə, həm də neft siyasəti ilə bağlı böhran yaşanır. Buna “Holland sinromu” deyirlər. Bu sindromdan bizim yaxa qurtarmaq şansımız yoxdur. Çünki neftdən gələn gəlir dağıdılıb. Ölkədə qeyri-neft sektorunun inkişafı üzrə nə kadr, nə pul nə də ki bazar var. Ona görə də iqtidar heç bir addım ata bilməyəcək.İndiki qanunverici və hüquqi sistemdə isə ümumiyyətlə islahat aparmaq mümkün deyil”.
Müsahibimiz beynəlxalq müşahidəçilərin referendumla bağlı rəylərinə də toxunub:” Onlar sadəcə deyiblər ki, referendum qanuna uyğun keçirilir. Yəni məntəqələr vardı, məntəqələrdə seçki komissiyaları oturmuşdu. Onlar ora gələnlərə bülleten verirdi. Onlar da bulletenləri qutuya salırdılar. Amma müşahidəçilər həmin səsverməyə gələnlərin kim olduğunu hansı məntəqəyə kimlərin dəfələrlə gəldiyini müəyyənləşdirmək imkanına malik deyildilər. Şəhərin istənilən yerində 4-5 qrup adam təyin ediblər. Onlar da bu məntəqədən o məntəqəyə , o məntəqədən bu məntəqəyə gedib səs verirlər. Əlbəttə, bunlar məsələnin texniki tərəfləridir. Məsələnin bir mahiyyəti var. Venesiyya komissiyası bu konstitutsiyaya təklif edilən dəyişiklikləri antidemokrtik və Avropa standartlarına zidd müddəalar kimi dəyərləndirib. Səsvermə prosedurunu şəffaf və ya saxta olması bu işin mahiyyətinə təsir etmir. Hətta Azərbaycanda ən ideal referendum keçirilsə idi belə, bu, referendum nə ifadə edirdi ki? Referendum Avropa standartlarına uyğun deyil. Vəssalam. Yəni bu demokratik islahat deyil. Referendumun yaxşı və ya pis keçirilməsi nəyi dəyişir ki? Bu bilirsiz nəyə oxşayır. Təsəvvür edin deyirlər ki, mən sənin başını vəhşicəsinə deyil, mədəni şəkildə kəsirəm. Amma düşünmürlər ki, hər hansı formada olursa olsun o baş artıq kəsilib. Bunu mədəni və ya vəhşicəsinə kəsmək nəyi dəyişir ki? Yəni referenduma çıxarılan məsələlər haqqında ortada rəy var. Bu müddəların Avropa hüquq standartlarına uyğun gəlmədiyi göstərilir və referendum tənqid olunur. Sən bunu hansı qaydada keçirirsən keçir, prosedur mahiyyətə təsir göstərmir. Prosedur odur ki, bir nəfər qutunun yanında oturub gələnə kağız verib, qutuya saldırır. Bəs sonra ? Bizə referendumun mahiyyəti lazımdır. Onun mahiyyətini Venesiya Komissiyası ortaya qoydu”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.