Avropa Məhkəməsinin qərarlarının icrasından imtina rəsmiləşdirilir-PARLAMENTDƏ YENİ QANUN LAYİHƏSİ VAR
28-09-2016, 10:29
Azərbaycanda siyasi məhbuslarla bağlı Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) çıxardığı qərarlar əhəmiyyətini itirə bilər. Belə ki, Milli Məclisə təqdim edilmiş qanun layihəsində Avropa Məhkəməsinin qərarlarından imtina nəzərdə tutulur. Əgər beynəlxalq qurumun qərarı qanunvericiliyimizə uyğun gəlməzsə, Azərbaycan hökuməti həmin qərarı icra etməyə bilər.
Hazırda həbsdə olan REAL sədri İlqar Məmmədov barəsində AİHM-in onun azadlığa buraxılması ilə bağlı qəbul etdiyi mühüm qərarları var. Əgər qanun layihəsi Milli Məclisdə qəbul olunarsa, REAL sədrinin bu qərarlar üzrə onun azadlığa çıxacağına olan ümidlərin tamamilə üzərindən xətt çəkə bilər.
Gununsesi.info bildirir ki, İ.Məmmədovun vəkili Fuad Ağayev “Yeni Müsavat”a açıqlamasında öncəliklə REAL sədrinin Ali Məhkəmədə yubadılan kasasiya şikayətinə baxılmamasından danışdı: “Kasasiya baxışı hələ təyin olunmayıb. Müraciətimiz üzərindən artıq aylar keçib. Sonuncu dəfə İlqar Məmmədovla ötən həftə görüşdüm. Vəziyyətində elə bir dəyişiklik yoxdur”.
Vəkil Avropa Məhkəməsinin qərarlarından imtinanı nəzərdə tutan qanun layihəsinin gündəmə çıxmasına də mövqe bildirdi: “Azərbaycan üzərinə beynəlxalq hüquqi öhdəliklər götürüb. O cümlədən insan hüquqları sahəsində. Azərbaycan dövlət orqanlarının, məhkəmələrinin təcrübəsi konstitusiyaya uyğun olaraq qanunvericiliyin müvafiq maddələrinə uyğun şəkildə beynəlxalq müqavilələrlə müəyyən olunmuş tərzdə həyata keçirilməlidir. Ümumiyyətlə, Azərbaycan insan hüquqları və azadlıqları haqqında konvensiyanı, ona aid protokolları təsdiqləyib, onlara qoşulubsa, həmin müqavilələri icra etməlidir. Avropa Məhkəməsinin qəbul etdiyi qərarları da birmənalı şəkildə icra etməlidir. Onların icra edilməsi Azərbaycan Konstitusiyasından və qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlir. Belə bir layihə əsas qanuna tamamilə ziddir və müzakirə predimeti olmamalıdır”.
İ.Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova onunla bazar günü danışdıqlarını söylədi: “Telefonla danışdıq, normal bir zəng idi. Yəni əvvəlkilərdən fərqlənmirdi. Milli Məclisə Avropa Məhkəməsinin qərarları ilə bağlı təqdim edilən layihə qəbul olunarsa, düşünürəm ki, qəbuldan sonrakı qərarlara şamil oluna bilər. İlqar barəsində isə qərar çoxdan qəbul edilib. Məncə, bu qərarın İlqara heç bir aidiyyəti olmayacaq”.