Hamının gözlədiyi sülh planı mətbuata sızdı - Ukrayna razılaşacaq?
Bu gün, 09:34
![Hamının gözlədiyi sülh planı mətbuata sızdı - Ukrayna razılaşacaq?](/uploads/posts/2025-02/1738870734_1.jpg)
ABŞ prezidenti Donald Trampın Ukraynada müharibənin dayandırılması üçün hazırladığı plana dair məlumat mətbuata sızıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Mail" qəzeti yazıb.
Sənəddə atılacaq konkret addımlar və sülh razılaşmasının əldə olunması üçün nəzərdə tutulan vaxt qrafiki yer alır.
Trampın planının əsas şərtləri:
Atəşkəsin əldə olunması – Müharibə 20 aprel, Pasxa bayramına qədər dayandırılmalıdır. Bu tarix Trampın vasitəçiliyi ilə aparılan danışıqların əsas məqsəd nöqtəsi kimi müəyyən edilib.
Ukraynanın NATO-ya üzvlüyü mümkün olmayacaq – Sülh razılaşmasının əsas şərtlərindən biri kimi Ukrayna hərbi neytrallığını qəbul edəcək və NATO-ya üzv olmaqdan imtina edəcək.
Rusiya nəzarət etdiyi ərazilər üzərində suverenliyini qoruyacaq – Ukrayna Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələri üzərində Rusiyanın suverenliyini tanıyacaq və eyni zamanda, Kursk vilayətində olan ukraynalı hərbçilər geri çəkiləcək.
Demilitarizasiya zonası yaradılacaq – Müharibə bitdikdən sonra bufer zona yaradılacaq və bu zonaya Avropa ölkələrinin (mümkün variant Britaniya) hərbi kontingenti nəzarət edəcək. ABŞ isə münaqişəyə hərbi müdaxilə etməyəcək.
Avropa İttifaqı Ukraynanın yenidən qurulmasına 468 milyard dollar sərmayə qoyacaq – Avropa ölkələri Ukraynanın bərpası üçün 10 il ərzində 468 milyard dollar sərmayə ayıracaq.
Sülh prosesinin təxmini qrafiki isə belə olacaq:
Fevralın əvvəli – Vladimir Putin və Volodimir Zelenski arasında telefon danışığı nəzərdə tutulur.
Fevralın sonu - martın əvvəli – Rusiya və Ukrayna liderlərinin birbaşa görüşü keçiriləcək.
20 aprel – Müharibənin faktiki dayandırılması gözlənilir.
9 may – Bütün razılaşmalar rəsmi şəkildə açıqlanacaq, Ukraynada hərbi vəziyyət və səfərbərlik dayandırılacaq.
ABŞ təhlükəsizlik sahəsində yardımı davam etdirəcək – Müharibənin dayandırılmasına baxmayaraq, Vaşinqton Ukraynaya təhlükəsizlik sahəsində dəstək verməyə davam edəcək.
Ukrayna Avropa İttifaqına qoşulmaq prosesini davam etdirəcək – Razılaşmaya əsasən, Ukrayna 2030-cu ilə qədər Aİ-yə üzv olmaq üçün yoluna davam edə biləcək.
Bildirilir ki, bu plan hələlik rəsmi şəkildə təsdiqlənməyib və tərəflərin razılığa gəlib-gəlməyəcəyi sual altındadır.