Ukrayna-Rusiya savaşı: Tramp məsuliyyəti başqa oyunçuların üzərinə atmağa çalışır

Dünən, 10:54           
Ukrayna-Rusiya savaşı: Tramp məsuliyyəti başqa oyunçuların üzərinə atmağa çalışır
Ukrayna savaşı ilə bağlı beynəlxalq maraqların toqquşduğu müddətdə müharibənin sülh sazişi ilə yekunlaşma ehtimalı yoxdur

ABŞ Prezidenti Donald Trampın bütün administrasiyası Ukrayna münaqişəsinin nizamlanması üçün həll yollarının axtarılmasına cəlb olunub. Bunu Ağ Ev rəhbərinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq “New York Post”a verdiyi müsahibədə bildirib: “Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması – həqiqətən, bütün administrasiyanın işidir, bu, ümumhökumət yanaşmasıdır. Bizim milli təhlükəsizlik üzrə bütün komandamız - prezident, vitse-prezident, milli təhlükəsizlik üzrə müşavir, dövlət katibi və maliyyə naziri, Ağ Evin Milli Təhlükəsizlik Şurası bu məsələni müzakirə edirlər. Hamısı birgə işləyir”.
Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı iddia olunan sülh planı Britaniya mətbuatına sızıb. Bu barədə "Daily Mail" öz mənbələrinə istinadən məlumat dərc edib. Nəşrin yazdığına görə, prosesin ilk mərhələsində ukraynalı lider Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı təşkil olunacaq, fevral ayının sonuna kimi və ya martın əvvəlində isə müharibə edən ölkələrin dövlət başçıları təkbətək görüşməlidirlər. Məqaləyə əsasən, bunlar baş tutandan sonra ABŞ sülh sazişinin bağlanması üçün Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı beynəlxalq konfrans təşkil edəcək.

Siyasi ekspert Elçin Xalidbəyli isə ABŞ-nin yeni Prezidenti Donald Trampın davranışlarına istinadən onun Ukrayna-Rusiya müharibəsini nizamlamaq kimi bir niyyətinin olmadığını deyib. E.Xalidbəyli qeyd edib ki, Tramp daha əvvəl də müharibəni bir gün ərzində dayandıracağına dair söz vermişdi, lakin bu vədinə əməl etmədi:

“Eyni zamanda Ukrayna savaşının dayandırılması istiqamətində Tramp administrasiyasının fəaliyyəti də olduqca müəmmalı xarakter daşıyır.
Verilən bəyanatların əksinə olaraq atılan addımlar savaşın dayandırılmasına deyil, əksinə, daha da uzadılmasına yönəlik addımlardır. Tramp Putinlə də görüşəcəyinə dair çoxsaylı anonslar yaydı, bu görüş də baş tutmadı. Guya bu görüşün qarşıdakı aylarda baş tutacağı planlaşdırılır. Belə görünür ki, Tramp administrasiyasının məqsədi Rusiyanı çək-çevirə salaraq, onu çıxılmaz vəziyyətə salmaq və sülh sazişi imzalamaq məcburiyyətində qoymaqdır”.

Siyasi ekspertin sözlərinə görə, Ukrayna Prezidenti Rusiya tərəfi ilə hər hansı bir danışıqların aparılması ilə bağlı fərman imzalayıb. Putinlə Zelenski arasında görüş və ya telefon danışığı baş tutmazdan əvvəl Ukrayna prezidenti öz Fərmanını geri oxumalıdır:
“Rusiya Prezidenti Vladimir Putin isə dəfələrlə Zelenskini legitim Ukrayna prezidenti olaraq tanımadığını bəyan edib. Bu mənada Putinin Zelenski ilə görüşə razılaşıb-razılaşmayacağı da müəmmalı məsələdir. Ukrayna münaqişəsinin nizamlanması üçün həll yollarının axtarılmasına cəlb olunan Tramp administrasiyası elə istiqamətlər üzrə hərəkət edir ki, savaşın dayandırılması istiqamətində uğur əldə olunmasın” .

E.Xalidbəylinin sözlərinə görə, ABŞ-nin sülh sazişinin bağlanması üçün Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı beynəlxalq konfrans təşkil etməsi də müşkül məsələdir:
“İki dövlət arasında müharibənin dayandırılması yalnız və yalnız tərəflər arasında aparılan sülh danışıqlarının nəticəsində mümkün ola bilər. İllərdir davam edən bir müharibənin beynəlxalq səviyyədə keçirilən bir tədbirlə dayandırılması olduqca çətin bir məsələdir. Bu müharibədə maraqları toqquşan xeyli siyasi iradə mərkəzləri, müxtəlif dövlətlər mövcuddur ki, onlar da bu müharibənin öz maraqlarına uyğun formada dayandırılmasına tərəfdar ola, məhz onların maraqlarına uyğun gələn şərtlərin ön plana çıxarılmasına da cəhd edə bilərlər. Vacib məqam Ukrayna və Rusiya liderlərinin danışıqlar masasına əyləşməsinə nail olmaq və kənar müdaxilələri uzaq tutmaqdır. Ukrayna savaşı ilə bağlı beynəlxalq maraqların toqquşduğu müddətdə müharibənin sülh sazişi ilə yekunlaşma ehtimalı yoxdur. Görünür, Tramp müharibə ilə bağlı verdiyi vədlərin alınmaması məsuliyyətini digər beynəlxalq oyunçuların da üzərinə atmağa çalışır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.