Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan "yaşıl enerji"nin ötürülməsi sahəsində razılığa gəlib
Dünən, 16:44
![Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan "yaşıl enerji"nin ötürülməsi sahəsində razılığa gəlib](/uploads/posts/2025-02/1739134262_1.jpg)
Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan arasında "yaşıl enerji"nin ötürülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun layihə sənədinin mətni razılaşdırılıb.
Bu barədə Azərbaycanın Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, İstanbul şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi layihəsinin müzakirəsinə dair bu ölkələrin nazir müavinlərinin 3-cü iclası keçirilib.
İclasda dörd ölkə arasında elektrik enerjisi mübadiləsinin genişləndirilməsi imkanlarına və layihə üzrə müqavilə-hüquq bazasının formalaşdırılması məqsədilə hazırlanmış “Azərbaycanın Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstanın Energetika Nazirliyi arasında yaşıl enerjinin ötürülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun layihəsi müzakirə edilib və sənədin mətni razılaşdırılıb.
Xatıraldaq ki, ötən il noyabrın 20-də COP29 iqlim konfransı çərçivəsində Avropa Parlamentinin COP29-dakı nümayəndə heyətinin rəhbəri Lidiya Pereyra (Lidia Pereira) Amerikanın Səsinin sualına cavabda deyib ki, yaşıl və təmiz enerji istehsalı ilə bağlı layihələrin həyata keçirilməsi prioritetdir.
2022-ci il dekabrın 17-də Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıb. Əldə edilən razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda Black Sea Energy dənizaltı elektrik kabelinin çəkilməsi gözlənilir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, Azərbaycan necə neft ixracatçısı ölkəsindən stabil qaydada qaz ixracatçısı ölkəsinə keçdi, eləcə də də yaşıl enerji ixracatçısı ölkəsinə keçəcək.
“Azərbaycan Avropa ilə artıq üçüncü enerji dəhlizinin açılmasına hazırlıq görür. Bu baxımdan ötən il martın 1-də Qara dənizin dibi ilə keçərək Avropaya uzanacaq magistral elektrik xəttinin keçəcəyi ölkələrin enerji nazirlərinin 6-cı toplantısı olub. Çox yaxşı haldır ki, artıq Xəzərin şərq sahillərindən Qazaxıstan və Özbəkistan da bu görüşlərdə aktiv iştirak edir”, o qeyd edib.