Azərbaycan Ukraynaya növbəti humanitar yardım yola salıb

Bu gün, 09:14           
Azərbaycan Ukraynaya növbəti humanitar yardım yola salıb
Fevralın 12-də Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi göndərilib. Humanitar yardım Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Bu barədə Azərbaycan Energetika Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 5-də imzaladığı sərəncama əsasən, sözügedən yardımın təşkili məqsədilə bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb və yardımın birinci hissəsi fevralın 7-də göndərilib.

İki hissədə göndərilmiş humanitar yükə ümumilikdə 52 min metrdən çox elektrik kabeli və naqil, habelə 17 ədəd transformator daxildir.

Xatırladaq ki, Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib. Bu günədək elektrik avadanlıqları qismində 134 ədəd transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə təxminən 3.4 milyon metr elektrik kabeli və naqil humanitar yardım kimi Ukraynaya yola salınıb

“Bu çətin zamanda göstərdikləri dəstəyə və həmrəyliyə görə Azərbaycan rəhbərliyinə və xalqına ürəkdən minnətdaram! Belə yardım təkcə texnologiya deyil, həm də xalqlarımız arasında əsl dostluğun simvoludur”, Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev facebook səhifəsində bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.