NATO müdafiə nazirləri hərbi xərcləri və Ukraynaya yardımı müzakirə edəcək

14-02-2025, 17:34           
NATO müdafiə nazirləri hərbi xərcləri və Ukraynaya yardımı müzakirə edəcək
Cümə axşamı bir neçə NATO müttəfiqi müdafiə xərclərinin artırılmasını dəstəklədiklərini bildirərək, Ukrayna və digər Avropa ölkələrinin Rusiyanın Ukraynaya qarşı müharibəsinin danışıqlar yolu ilə həlli prosesində iştirakının vacibliyini vurğulayıb.

Bu açıqlamalar Brüsseldə NATO müdafiə nazirlərinin müdafiə xərcləri, sənaye potensialının artırılması və Ukraynaya dəstək məsələlərini müzakirə etdiyi toplantı zamanı səsləndirilib.

Görüş ABŞ-ın NATO müttəfiqlərini müdafiəyə daha çox büdcə ayırmağa təşviq etdiyi və ABŞ Prezidenti Donald Trampın tezliklə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacağına işarə etdiyi bir vaxt keçirilir.

Britaniyanın müdafiə naziri Con Hili toplantıdan əvvəl jurnalistlərə bildirib: "Ukrayna olmadan Ukrayna ilə bağlı heç bir danışıqlar aparıla bilməz. Ukraynanın səsi istənilən müzakirənin mərkəzində olmalıdır".

Almaniyanın müdafiə naziri Boris Pistorius isə bildirib ki, Ukraynanın NATO-ya mümkün üzvlüyü və ərazilərinin taleyi sülh danışıqlarından əvvəl müəyyən edilməməlidir.

Pistorius ABŞ-ın bəzi mümkün güzəştlərini tənqid edib və ABŞ müdafiə naziri Pit Heqsetin çərşənbə günü səsləndirdiyi fikirlərə işarə edərək, Ukraynanın işğaldan əvvəlki sərhədlərini qorumasının “real olmayan hədəf” olduğunu söyləməsindən təəssüfləndiyini bildirib.

Heqset müharibənin danışıqlar yolu ilə başa çatdırılmasını və Avropa və qeyri-Avropa qüvvələrinin NATO-dan kənar bir missiya çərçivəsində Ukraynaya təhlükəsizlik zəmanəti verməsini müdafiə edib. O, ABŞ qoşunlarının Ukraynaya göndərilməsini istisna edib.

Lüksemburqun müdafiə naziri Yuriko Bakes cümə axşamı jurnalistlərə verdiyi açıqlamada bütün müttəfiqlərin Ukraynaya dəstəyinin davam etməli olduğunu bildirib: "Sülh planları ilə bağlı danışıqlar gedir. Ukrayna olmadan Ukrayna ilə bağlı heç nə qərarlaşdırılmamalıdır. Avropalılar olmadan Avropanın təhlükəsizliyi ilə bağlı heç nə müzakirə edilməməlidir".

Heqset bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi “qitə üçün təcili və real təhlükədir” və bu vəziyyət NATO üçün müdafiə xərclərinin artırılmasının vacibliyini göstərən bir siqnal olmalıdır.

Onun sözlərinə görə, NATO müttəfiqlərinin ümumi daxili məhsullarının 2%-ni müdafiəyə xərcləmələri kifayət deyil və bu göstəricini daha yüksək, hətta 5%-ə qədər də artırılması “kritikdir”.

NATO-nun baş katibi Mark Rutte də müdafiə xərclərinin artırılmasına dəstəyini ifadə edərək, “bu, həm ədalətli, həm də məntiqlidir” deyib.

Rutte NATO ölkələrinin hərbi istehsal sahəsində də yetərincə məhsul istehsal etmədiyini vurğulayıb və müttəfiqlərin Çin, Rusiya və digər rəqiblərlə ayaqlaşmaq üçün sənaye bazasından daha effektiv istifadə etməli olduqlarını bildirib.

Cümə axşamı keçirilən NATO toplantısından sonra Heqset Polşaya səfər edəcək. Pentaqonun məlumatına görə, onun Polşa rəhbərliyi ilə görüşlərində "ikitərəfli müdafiə əməkdaşlığı, NATO-nun şərq cinahında çəkindirmə tədbirləri və Polşanın NATO daxilində müdafiə xərcləri və yük bölgüsü sahəsində nümunəvi müttəfiq kimi rolu" müzakirə olunacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.