İsrail girovların “alçaldıcı şəkildə” təhvil verilməsini əsas gətirərək fələstinli məhbusların azad edilməsini təxirə salır

Bu gün, 11:44           
İsrail girovların “alçaldıcı şəkildə” təhvil verilməsini əsas gətirərək fələstinli məhbusların azad edilməsini təxirə salır
İsrail yüzlərlə fələstinli məhbusun azad edilməsinin “növbəti girovların azad edilməsinə zəmanət verilənə və Qəzzada israilli məhbusların təhvil verilməsi zamanı alçaldıcı mərasimlər keçirilməyənə qədər” təxirə salındığını bildirib.

Baş nazir Benyamin Netanyahunun ofisinin bazar günü səhər saatlarında bu açıqlaması məhbusları daşıyan avtomobillərin Ofer həbsxanasının açıq qapılarını tərk eməsinin ardınca geri qayıtmasından sonra verilib.

620 fələstinli məhbusun azadlığa buraxılması bir neçə saat ləngimişdi və şənbə günü altı israilli girov azad edildikdən dərhal sonra baş verməli idi. Bununla Qəzza zolağında atəşkəsin birinci mərhələsində bir gün ərzində ən böyük sayda məhbusun azad edilməsi nəzərdə tutulurdu.

İsrailin bu açıqlaması atəşkəsin gələcəyi ilə bağlı şübhələrin daha da artmasına səbəb olub.

Fələstin Administrasiyasının məhbusların işləri üzrə komissiyası “sonrakı xəbərdarlığa qədər” gecikməni təsdiqləyib.

Altı israilli girov atəşkəsin birinci mərhələsi çərçivəsində azad ediləcəyi gözlənilən sağ qalan girovlardan sonuncu qrup idi. İlkin mərhələnin bitməsinə bir həftə qalıb. Atəşkəs rejiminin ikinci mərhələsi üzrə danışıqlar isə hələ başlamayıb.

Altı məhbus arasında Nova musiqi festivalında əsir götürülən üç israilli və ABŞ-ın terror təşkilatı kimi tanıdığı HƏMAS tərəfindən 2023-cü il oktyabrın 7-də İsrailə qarşı Qəzzada 16 ay davam edən müharibənin başlamasına səbəb olan hücum zamanı İsrailin cənubunda ailəsini ziyarət edərkən girov götürülmüş bir nəfər var idi. Digər iki nəfər isə on ildir təkbaşına Qəzzaya daxil olduqdan sonra saxlanılırdı.

İsrail hökuməti məhbusların azad edilməsinin gecikməsi ilə bağlı sualları cavablandırmayıb. HƏMAS İsraili atəşkəs razılaşmasını pozmaqda, sözçüsü Abdel Latif Əl-Qanu isə Netanyahunu “qəsdən gecikdirmədə” ittiham edib.

Atəşkəs razılaşması İsrail və HƏMAS arasında ən ölümcül və ən dağıdıcı döyüşləri dayandırması ilə nəticələnib. Lakin döyüşlərin yenidən başlaya biləcəyi ilə bağlı qorxular var. Atəşkəsin ikinci mərhələsi üzrə danışıqların daha çətin olacağı ehtimalı edilir.

HƏMAS gələn həftə atəşkəsin birinci mərhələsini başa çatdıraraq, dörd cəsədi geri qaytaracağını bildirib. Bundan sonra HƏMAS-ın nəzarətində 60-dan çox girov qalır. Onların təxminən yarısının sağ olduğu güman edilir.

HƏMAS uzunmüddətli atəşkəs əldə olunmadan və İsrail Qəzzadan tamamilə çıxmadan qalan girovları azad etməyəcəyini bildirib.

ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən dəstəklənən Netanyahu deyir ki, o, HƏMAS-ın hərbi və idarəçilik imkanlarını məhv etmək və bütün girovları geri qaytarmaq niyyətindədir.

Qəzzanın HƏMAS tərəfindən idarə olunan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hərbi hücumu nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 48 mindən çox fələstinli həlak olub. Nazirlik mülki şəxslər və döyüşçülər arasında fərq qoymur. İsrail sübut təqdim etmədən 17 mindən çox HƏMAS terrorçusunun öldürüldüyünü bildirir.

Hücum nəticəsində Qəzzanın geniş əraziləri dağıdılıb, məhəllələr xarabalığa çevrilib. Müharibənin ən qızğın vaxtları Qəzzanın 2,3 milyonluq əhalisinin 90 faizi köçkün vəziyyətinə düşüb.

2023-cü il oktyabrın 7-də törədilən terror aktı nəticəsində əksəriyyəti mülki şəxslər olmaqla təxminən 1200 nəfər öldürülüb. Müharibədə yüzlərlə İsrail əsgəri həlak olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.