Təbrizdə gündəm olan mahnıda ilginc Şuşa detalı: Bu Qala…
Bu gün, 00:10

Təbrizdə Beynəlxalq Ana Dili Günündə uşaqlar, gənclər “Bu qala daşlı qala” mahnısını ifa ediblər. Bununla bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılıb. Video maraqla qarşılanıb və müzakirələrə yol açıb. Belə ki, təbrizlilərin görüntülərindən sonra “Bu qala daşlı qala” mahnısının musiqisi və ifası barədə mübahisələr yaranıb.
Həmin mahnını ilk dəfə kim ifa edib?
Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyevin sözlərinə görə, Xalq artisti Niyaməddin Musayev bu ifanı ilk dəfə onun etdiyini desə də, digər sənətkarlar Əbülfət Əliyev tərəfindən ifa edildiyini iddia edirlər.
Tarixçi bununla bağlı maraqlı açıqlama verib:
“Müraciət etdiyim mənbələrdə ilk ifanın 1969-cu ildə “Lalə” qızlar ansamblına Sevil Muradova adlı ahıska türkü tərəfindən ifa edildiyi qeyd edilir. Burada bir məsələ var ki, Niyaməddin Musayev, Məmmədbağır Bağırzadə, Ağadadaş Ağayev və digər müğənnilər bu mahnını o dövrdə əsasən toylarda ifa edirdilər. El dili ilə desək, onlar toy müğənniləri idilər. 1980-ci illərdə artıq bu sahədə müəyyən güzəştlər olduğu üçün həmin şəxslər efirlərə çıxdılar. Bəzən bu mahnıların efirdə ilk dəfə kimin səsləndirməsi müzakirə edilir. Niyaməddin Musayev bu mahnını toyda ifa etdiyini deyir, amma real olaraq heç bir video və ya foto fakt bunu təsdiq etmir. Ən azından onu not variantını göstərə bilər. Ortada fakt olmadığından məsələ mübahisəli qalır”.
Zaur Əliyevin sözlərinə görə, “Bayatı-Şiraz” ladında yaradılmış bu mahnı bütün Yaxın Şərqdə məşhurdur:
“Mahnı çox geniş yayılıb. Hətta Türkiyədə əhalinin əksəriyyəti şənliklərdə bu mahnını çalıb-oxuyur və onu Azərbaycan xalq mahnısı kimi ifa edirlər. Qeyd edək ki, həmin mahnını Ahmed Kaya da ifa edib. O da bəzi həmkarları kimi mahnını “anonim” kimi qeyd etmişdi. Türkiyənin “Mən bu cahana sığmazam” serialında Azərbaycanın “Tut ağacı boyunca” və “Bu qala daşlı qala” xalq mahnıları səslənib. Mahnının müəllifi barədə bəziləri onu xalq mahnısı kimi qələmə versə də, qeydlərə görə Şuşa şəhərinə həsr edilib. Şuşanın bir başqa adı da Qaladır. Qalaya (Şuşaya) qalxan yollar isə qədim zamanlarda daşlı, çınqıllı olub”.