ABŞ və Cənubi Koreya hərbi təlimlərə başlayandan sonra, Şimali Koreya dənizə balistik raketlər atıb
Dünən, 15:18

Cənubi Koreya ordusunun məlumatına görə, Cənubi Koreya və ABŞ qoşunlarının hər il keçirilən böyük birgə təlimlərə başlamasından bir neçə saat sonra Şimali Koreya suya bir neçə balistik raket atıb. Şimali Koreya bu təlimləri hərbi müdaxiləyə hazırlıq olaraq görür.
Cənubi Koreyanın Birgə Qərargahlar Rəisi Şimali Koreyanın bu il artıq beşinci dəfədir atdığı raketlərin Şimali Koreyanın Hvangae vilayəti üzərində müəyyən edildiyini bildirib, amma onların nə qədər məsafə qət etməsi kimi təfərrüatları açıqlamayıb.
Bundan öncə bazar ertəsi Cənubi Koreya və ABŞ orduları hər il keçirilən və 11 gün davam edəcəyi planlaşdırılan birgə hərbi təlimlərinə başlayıblar. “Azadlıq Qalxanı” (Freedom Shield) təlimi Seul keçən həftə hazırlıq təlimi zamanı iki döyüş təyyarəsinin səhvən mülki ərazini bombalamasını araşdırdığı bir vaxtda, Cənubi Koreya və ABŞ ordularının canlı atəş təlimini dayandırmasından sonra başlayıb.
Təlimlərin başlaması nüvə silahına malik Şimali Koreyanın qınağına səbəb olub və hökumət bəyanat yayaraq, təlimləri hərbi münaqişə risklərini artıran “təhlükəli təxribat xarakterli hərəkət” adlandırıb.
Cənubi Koreyaya məxsus iki KF-16 döyüş təyyarəsinin cümə axşamı Şimali Koreya ilə sərhəd yaxınlığında yerləşən Poçeon şəhərində mülki əraziyə səhvən səkkiz ədəd M082 bombası atması nəticəsində təxminən 30 nəfər yaralanıb, onların ikisinin vəziyyəti ciddidir. Bombalama Cənubi Koreya və ABŞ qüvvələri Azadlıq Qalxanı təlimləri çərçivəsində canlı atəş təlimi keçirdiyi bir vaxtda baş verib.
Cənubi Koreyanın hava qüvvələri bazar günü yerli müxbirlərə məlumatında ötən həftə KF-16 pilotlarının bombalama yeri üçün koordinatları səhv daxil etdiyinə dair ilkin qiymətləndirməni təkrarlayıb.
The Associated Press-ə verilən məlumata görə, adı açıqlanmayan pilot uçuşdan öncəki yoxlamada səhvi müyyən edə bilməyib və planlaşdırılan vaxtda hərəkətə keçmək üçün tələsdiyinə görə bombaları atmadan öncə hədəfi vizual olaraq yoxlamayıb. İkinci pilotda doğru koordinatlar olub, amma o, sadəcə olaraq digər təyyarə ilə müvafiq mövqedə qalmağa fokuslandığı üçün doğru hədəfdən uzaqlaşdıqlarını müəyyən etmədən birinci pilotun təlimatı ilə bombaları atıb.
Cənubi Koreya hava qüvvələrinin baş qərargah rəisi general Li Yonqsu bazar ertəsi insidentin səbəb olduğu xəsarətlər və vurduğu ziyan səbəbilə üzr istəyib və deyib ki, bu “heç vaxt baş verməməli idi və bir daha heç vaxt baş verməməlidir.”
Həm Cənubi Koreya, həm də ABŞ ordusu hadisədən sonra Cənubi Koreyada bütün canlı atış təlimlərini dayandırıb. Cənubi Koreya ordusunun rəsmiləri deyir ki, canlı atış təlimləri onlar bombalama ilə bağlı hazırda davam edən istintaqı başa çatdırıb, profilaktik tədbirləri müəyyən edəndən sonra davam etdiriləcək.
Azadlıq Qalxanı təlimləri ABŞ Prezident Donald Tramp ikinci müddətə vəzifəsinə başlayandan sonra keçirilən ilk irimiqyaslı təlimdir. Bu, Şimali Koreya ilə onun artan nüvə ambisiyaları və Prezident Vladimir Putinin Ukraynaya qarşı müharibəsində Rusiya ilə birləşməsi ilə əlaqədar artan gərginlik fonunda baş verib.
Vəzifədə ilk müddətində Şimali Koreya lideri Kim Conq Unla üç dəfə görüşən Tramp ABŞ-ın başçılığı ilə Şimali Koreyaya qarşı sanksiyalar və Şimali Koreyanın nüvəsizləşdirmə yolundakı addımları ilə bağlı fikir ayrılıqları səbəbilə pozulan diplomatiyanı canlandırmaq üçün Kimlə yenidən əlaqə saxlamağa hazır olduğunu ifadə edib. Lakin Pxenyan hələ ki, bu təklifə cavab verməyib və birgə hərbi təlimləri səbəbilə Vaşinqton və Səula qarşı kəskin ritorikasını davam etdirib.
Şimali Koreyanın Xarici İşlər Nazirliyi bazar ertəsi dövlət mediası ilə yaydığı bəyanatda Azadlıq Qalxanı təlimlərini Koreya yarımadasında “fiziki münaqişəyə” səbəb olmaq riski yaradan “aqressiv və qarşıdurma xarakteri daşıyan məşq” adlandırıb.
Nazirlik Kimin ABŞ və onun asiyalı müttəfiqləri tərəfindən artan təhlükəyə qarşı mübarizə aparmaq üçün nüvə qüvvəsini “radikal şəkildə artırmaq”la bağlı məqsədini bir daha vurğulayıb.