Paşinyanın qapalı görüşünün pərdəarxası: - Bakı İrəvanı sülhə məcbur edir

Bu gün, 00:04           
 Paşinyanın qapalı görüşünün pərdəarxası: -
Martın 7-də Ermənistanın Baş naziri Nikol Paşinyan “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri ilə qapalı görüş keçirib və onlara Bakının tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə ictimaiyyəti yeni müharibənin qaçılmazlığına fəal şəkildə inandırmağı tapşırıb.

“Cebheinfo.az”-ın məlumatına görə, “Hraparak” nəşri belə yazıb. Nəşrin məlumatına görə, bu görüşdə sülh danışıqlarının müzakirəsi zamanı Paşinyan prosesin onların istədikləri istiqamətdə inkişaf etmədiyini bildirib. Baş nazir qeyd edib ki, Azərbaycan tərəfi nə iddialarından, nə də dəhliz tələbindən əl çəkir. Ermənistan bundan imtina edəcəyi təqdirdə, müharibə qaçılmaz olacaq. Qəzet qeyd edib ki, son həftələr “Vətəndaş Müqaviləsi”nin üzvləri bu məqsədlə Zəngəzur vilayətinə fəal səfərlər edirlər.

“İqtisadiyyat naziri Gevorq Papoyan ötən həftə iki dəfə bölgəyə səfər edib və partiya yoldaşlarına Zəngəzur sakinlərini müharibə təhlükəsi ilə qorxutmağı tapşırıb”,-deyə nəşr yazır. Hakim partiyanın deputatlarından biri nəşrə bildirib ki, Baş nazirlə bu mövzuda gözlənilməz müzakirəyə səbəb Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə keçmiş nümayəndəsi Yeqişe Kirakosyanın istefası olub. Qəzet yazır ki, Paşinyan komandası daxilində mümkün narazılığın qarşısını almağa çalışıb.

Çünki Kirakosyanın getməsi qismən Ermənistanın beynəlxalq məhkəmələrdən iddialarını geri götürməsi ilə onun razılaşmaması ilə bağlı olub. Paşinyan martın 6-da Kirakosyanı Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi vəzifəsindən azad etmək qərarına gəlib. Kirakosyan getməsinin səbəbini açıqlamayıb və diqqətini akademik fəaliyyətə yönəltmək istədiyini bildirib. “Vətəndaş Müqavilə”si Kirakosyanın istefası ilə Ermənistanın Bakıya qarşı beynəlxalq məhkəmə proseslərindən imtina etməyə mümkün hazırlığı barədə bəyanatlar arasında əlaqə göstərməyib. “Hraparak”ın yaydığı məlumatın təhlili Ermənistanın sülh müqaviləsinin mətninə dair güzəştə getməyə hazırlaşdığı qənaətini yaradır.

Qeyd edək ki, Ermənistan rəsmiləri sülh sazişində razılaşdırılmayan bəndlərdın birinin beynəlxalq instansiyalarda məhkəmə instansiyalarından qarşılıqlı şəkildə imtina edilməsi olduğunu bildirir. Paşinyan hökuməti tərəfindən irəli sürülən bu təklif Azərbaycanı qane etmir. Çünki Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində işğal dövründə törədilmiş hərbi cinayətlərə və talanlara görə Ermənistana qarşı hüquqi iddialar qaldırıb. Məhkəmə Azərbaycanın iddiasını təmin edərsə, Ermənistan 100 milyardlarla dollar təzminat ödəmək məcburiyyətində qala bilər.

Ona görə də Ermənistan tərəfi bu məsələni sülh sazişinə daxil etməklə Azərbaycanın iddiasından imtinasına nail olmaq istəyir. Nikol Paşinyan hakimiyyətinin Azərbaycana qarşı beynəlxalq məhkəmələrə əsassız və siyasi şantaj xarakterli şikayətlər etməsi də məhz çəkindiricilik məqsədi daşıyır. Lakin Nikol Paşinyanın hakim komanda daxilində dediyi sözlər və Azərbaycana qarşı məhkəmə iddiasından əl çəkmək qərarı bu səylərin nəticə vermədiyini göstərir.

Ola bilsin ki, Ermənistan qeyd edilən məsələdə güzəştə getməklə Azərbaycanla çərçivə sülh sazişini razılaşdırmaq istəyir. Çünki beynəlxalq münasibətlər sistemində, o cümlədən Cənubi Qafqazda dəyişən geosiyasi proseslər Paşinyanı sülhə vadar edən amilə çevrilir. Ukraynadakı müharibə sülh prosesi və ya atəşkəs Rusiya üçün əlverişli şərtlər əsasında imzalansa, o zaman Nikol Paşinyanın hakimiyyətdən devrilməsi Kremlin ilk hədəflərindən birinə çevriləcək.

Eyni zamanda, ABŞ hakimiyyəti Ermənistan üzərindən Cənubi Qafqazda möhkəmlənmək və Rusiya ilə rəqabət aparmaq siyasətindən imtina edib. Bu da öz növbəsində Paşinyanın manevr imkanlarını azaldıb. ABŞ-nin Ukraynaya və Avropa İttifaqına dəstəyini geri çəkməsi fonunda birliyin təhlükəsizlik sistemi ciddi problemlərlə üzləşib. Bu baxımdan, Ermənistanın təhlükəsizliyi Avropa İttifaqı üçün prioritet məsələ kimi gündəmdən çıxa bilər.

Azərbaycanla sülh müqaviləsinin olmaması və Rusiya təhlükəsi Ermənistan üçün ciddi risqlər yaradır. Paşinyanın yeni müharibənin qaçılmazlığı barədə hakim partiyanın üzvlərinə xəbərdarlığı da məhz bu mesajı özündə ehtiva edir. Ona görə də sülh müqaviləsi həm Paşinyan hakimiyyəti, həm də Ermənistan üçün bu təhdidləri aradan qaldıra bilər. Paşinyanın beynəlxalq instansiyalarda Azərbaycan əleyhinə iddiaları geri götürmək niyyəti bununla bağlıdır.

Lakin Ermənistan sülh müqaviləsinin şərtlərinin kompromis əsaslarla müəyyən edilməsi istəyindən əl çəkməyib. Xüsusilə də Paşinyan hökuməti bəzən Zəngəzur dəhlizinə alternativ nəqliyyat əlaqəsi variantı təqdim etməklə, bəzən də beynəlxalq məhkəmələrdəki iddialarını geri götürməklə Azərbaycanın Ermənistan konstitusiyasına dəyişikliklər tələbindən çəkilməsinə nail olmağa çalışır. Ancaq Paşinyanın təklifləri daha çox taktiki xarakterli güzəştlər olduğundan rəsmi Bakının öz tələbindən imtina edəcəyi inandırıcı görünmür.

Müşfiq Abdulla
“Cebheinfo.az”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.