Tramp fələstinlilərin tərəfdarı nümayişçilərə qarşı sərt tədbirlər görəcəyini vəd edib

Bu gün, 17:15           
Tramp fələstinlilərin tərəfdarı nümayişçilərə qarşı sərt tədbirlər görəcəyini vəd edib
ABŞ prezidenti Donald Tramp bazar ertəsi Amerika universitet kampuslarındakı Fələstin tərəfdarları nümayişçilərə qarşı yeni sərt tədbirlər tətbiq edəcəyinə söz verib və deyib ki, Nyu-Yorkdakı Kolumbiya Universitetində nümayişlərin lideri Mahmud Xəlilin saxlanılması “gələcək bir çox həbslərin ilki”dir.

“Biz bilirik ki, Kolumbiya və ölkədəki digər Universitetlərdə terrorizm, antisemitizm, anti-Amerika fəaliyyətində iştirak edən daha çox tələbə var və Tramp Administrasiyası buna dözüm göstərməyəcək”, ABŞ lideri özünün Truth sosial platformasında yazıb.

Xəlil həftə sonu ABŞ immiqrasiya rəsmiləri tərəfindən həbs edilib. O, bir il əvvəl Kolumbiya Universiteti və bəzi digər kampuslarda İsrailin Qəzzada ABŞ-ın terror qruplaşması kimi tanıdığı HƏMAS-a qarşı müharibəsinə etiraz hərəkatının ən önəmli fiqurlarından biri idi.

Lakin etirazlar səngidi və ötən ilin payızında yeni dərs ilinin başlaması ilə davam etmədi.

Daxili Təhlükəsizlik Departamenti bildirib ki, Xəlilin həbsi “prezident Trampın antisemitizmi qadağan edən sərəncamlarını dəstək və Dövlət Departamenti ilə koordinasiya əsasında” həyata keçirilib.

Bazar ertəsi ABŞ Dairə Məhkəməsinin hakimi Cessi Furman Xəlilin hələlik deportasiya edilməməsinə qərar verib və iş üzrə məhkəmə iclasını çərşənbə gününə təyin edib.

Saxlanılan sənədlərdə suriyalı kimi qeyd olunan Xəlil keçən semestrdə Kolumbiya Universitetinin beynəlxalq münasibətlər məktəbində magistr dərəcəsi alıb. Kolumbiya Universiteti Tələbə İşçiləri həmkarlar ittifaqının məlumatına görə, o, həbs edildiyi zaman ABŞ-da daimi yaşayış üçün yaşıl karta sahib idi və səkkiz aylıq hamilə olan Amerika vətəndaşı ilə evlidir.

O, heç bir cinayət əməlində ittiham olunmayıb.

Tramp sosial şəbəkədəki paylaşımında yazıb: “Əgər siz günahsız kişilərin, qadınların və uşaqların qətlə yetirilməsi də daxil olmaqla terroru dəstəkləyirsinizsə, sizin burada olmağınız bizim milli və xarici siyasət maraqlarımıza ziddir və burada xoş qarşılanmırsınız. Biz Amerikanın bütün kollec və universitetlərinin buna əməl etməsini gözləyirik”.

Bir il əvvəl keçirilən etiraz aksiyaları zamanı Xəlil və Kolumbiya Universitetinin tələbə qrupunun digər liderləri antisemitizm ittihamlarını rədd edərək, onların yəhudi tələbələri və digər qrupları əhatə edən daha geniş anti-müharibə hərəkatının bir hissəsi olduqlarını bildiriblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.