Senat Lori Çavez-DeRemeri əmək naziri vəzifəsinə təsdiq edib

Bu gün, 17:34           
Senat Lori Çavez-DeRemeri əmək naziri vəzifəsinə təsdiq edib
ABŞ Senatı baza ertəsi Lori Çavez-DeRemeri ölkənin əmək naziri vəzifəsinə təsdiq edib. Bununla da o, Ağ Ev minlərlə hökumət işçisini ixtisar etməyə çalışarkən, federal olaraq təyin edilmiş işçi hüquqlarını və onların müdafiəsini həyata keçirən departamentin rəhbəri olur.

Çavez-DeRemer milyarder İlon Mask və Hökumətin Səmərələliyi Departamentinin işdən çıxarılma səlahiyyəti və həssas hökumət məlumatlarına çıxışı əleyhinə qaldırılan məhkəmə işlərində adı hallanan bir neçə icraedici idarədən biri olan Əmək Nazirliyinə rəhbərlik edəcək.

Əmək Departamentinin 16 minə yaxın tamştatlı işçisi və 2025-ci büdcə ili üçün təklif olunan 13.9 milyardlıq büdcəsi var. Departamentin əsas öhdəlikləri arasında ABŞ-da işsizlik səviyyəsini müəyyən etmək, iş yerlərində sağlamlıq və təhlükəsizlik standartlarını tənzimləmək, minimum əmək haqqı, uşaq əməyi və iş vaxtından əlavə iş üçün ödənişlə bağlı mübahisələri araşdırmaq, həmkarlar ittifaqlarının təşkili və işlərə qeyri-qanuni xitam verilməsinə dair qanunların tətbiqi yer alır.

Bir neçə tanınmış həmkarlar ittifaqları, o cümlədən Beynəlxalq Yük Maşını Sürücüləri Qardaşlığı Çavez-DeRemerin namizədliyini dəstəkləyib. Nümayəndələr Palatasının Oreqondan olan keçmiş Respublikaçı üzvü olan Çavez-DeRemerin atası da Beynəlxalq Yük Maşını Sürücüləri Qardaşlığının üzvüdür və o, Nümayəndələr Palatasında xidmət göstərdiyi dövrdə əmək tərəfdarı biri kimi reputasiya qazanıb.

Senat Çavez-DeRemeri 67-32 səs fərqi ilə təsdiqləyib. 17 Demokrat onun lehinə, üç Respublikaçı isə əleyhinə səs verib.

Senat artıq Trampın nazirlər kabinetinə namizədlərindən, biri istisna olmaqla, hamısını təsdiqləyib. Senatın Səhiyyə, Təhsil, Əmək və Pensiyalar Komitəsi ötən həftə 14-9 səs fərqi ilə Çavez-DeRemerin təsdiq olunmasının lehinə səs verib. Kentakkidən senator Rand Pol istisna olmaqla, bütün Respublikaçılar ona dəstəyini verib. Komitədəki üç Demokrat – Koloradodan senator Con Hikenluper, Virciniyada Tim Keyn və Nyu Hempşirdən Maqqi Hassan – çoxluqla birlikdə səs verib.

Komitə qarşısındakı təsdiq dinləməsi zamanı bir neçə Respublikaçı senator Çavez-DeRemerə onun işçilərin həmkarlar ittifaqlarına qoşulmalarını asanlaşdıracaq və təşkilatlanmaya qarşı çıxan işəgötürənləri cəzalandıracaq qanun layihəsini dəstəkləmək qərarına görə sorğu-sual edib.

O, Təşkilatlanma Hüququnu Qorumaq Aktını hələ də dəstəkləyib-dəstəkləmədiyini açıq-aydın deməkdən imtina edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.