“Abzas Media” jurnalistləri məhkəmədə sərbəst ifadə verib

Bu gün, 16:38           
“Abzas Media” jurnalistləri məhkəmədə sərbəst ifadə verib
Martın 11-də “Abzas Media”nın həbsdə olan əməkdaşlarının növbəti məhkəmə iclası keçirilib. İclasda media orqanının baş redaktoru Sevinc Vaqifqızı və müxbiri Elnarə Qasımova sərbəst ifadə verib.

Əvvəlki üç iclasdan fərqli olaraq, bu dəfə təqsirləndirilən jurnalistlər məhkəmədə iştirak ediblər. Onlar əvvəlki iclaslara qoşulmamalarını məhkəməyə fərqli avtomobillərdə və fərqli vaxtlarda gətirilmələri, habelə iclas başlayanadək məhkəmənin şəraitsiz zirzəmisində gözlədilmələri ilə izah edirdilər. Bu dəfə isə jurnalistlərin şikayətləri təmin olunub.

Sevinc Vaqifqızı ifadəsində qeyd edib ki, onlar məhz peşə fəaliyyətlərinə görə həbsdədirlər. “Şuşa məmurlar şəhəri yox, mədəniyyət şəhəri olacaq” deyən İlham Əliyevin təkcə Şuşanı yox, bütün Qarabağı məmurlar şəhərinə çevirdiyini araşdırmalarımızla üzə çıxardıq. İlham Əliyevin sözü ilə əməlinin üst-üstə düşmədiyini üzə çıxaran Abzas Media jurnalistləri onun qəzəbinə tuş gəldi. 21 illik hakimiyyəti dövründə gəlirlərini bəyan etməyən İlham Əliyev 23 jurnalisti gömrüyə bəyan etmədən pul keçirməkdə ittiham edir” - deyə, o bildirib.

Vaqifqızı qaçaqmalçılıq ittihamına cavab olaraq əlavə edib ki, onun və digər təqsirləndirilənlərin heç biri gömrükdən keçərkən saxlanılmayıb və ya üzərlərində bəyan edilməmiş pul vəsaiti tapılmayıb. O bildirib ki, ittiham aktında göstərilən sənədlər orijinal deyil və ordakı imzaları yoxlamaq üçün verilən vəsatətlər təmin edilməyib.

Baş redaktor ifadəsində deyib ki, ona və həmkarlarına qarşı ittihamlar həbs olunanlardan biri, “Abzas Media”nın direktor müavini Məhəmməd Kekalova işgəncə verilərək alınan ifadə əsasında irəli sürülüb.

“Hələ həbslər olmamışdan biz Kekalova demişdik ki, əgər ona işgəncə versələr, Ülviyə, mənə qarşı ifadə versin. Çox təəssüf ki, Azərbaycan hökuməti insanlara işgəncə verib dostlarına qarşı ifadə almaq yolunu seçib”, o deyib.

Daha sonra ifadə verən Elnarə Qasımova “Abzas Media”da yayımladıqları korrupsiya araşdırmalarına görə həbs olunduqlarını vurğulayıb.

“Həmin araşdırmalarda adları çəkilən məmurların yerinə biz ittiham olunuruq. O məmurlar ki, illərdir vətəndaşa çatmalı olanı mənimsəyir, amma gözləri doymur”, o deyib.

Hakim növbəti iclası aprelin 1-ə təyin edib.

“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

2024-cü ilin mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. 2024-cü ilin avqust ayında isə “Abzas Media” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir. Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Sərhədsiz Reportyorlar təşkilatı jurnalistlərə qarşı pis rəftarı qınayıb və onların azad edilməsinə dair çağırışını yeniləyib. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbsi ilə bağlı narahatlıq ifadə edib, onların azad edilməsinə çağırıb.

Rəsmi Bakı isə jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.