Saakaşvili Gürcüstanda sistem quran lider olmaqla yanaşı, həm də öz siyasi karyerasını Gürcüstan üçün qurban verən lider kimi də tarixdə qalacaq

Bu gün, 11:38           
Saakaşvili Gürcüstanda sistem quran lider olmaqla yanaşı, həm də öz siyasi karyerasını Gürcüstan üçün qurban verən lider kimi də tarixdə qalacaq
Saakaşvili Gürcüstanda korrupsiyanı ləğv edən, məhkəmələri ədalət düzəninə salan, polis orqanlarını xalqa xidmət etdirən, bir sözlə sistem quran lider olmaqla yanaşı, həm də öz siyasi karyerasını Gürcüstan üçün qurban verən lider kimi də tarixdə qalacaq.
2008-ci il müharibəsi, sonra Rusiya ilə “atəşkəs” imzalaması, Abxaziya və C. Osetiyanın de-facto itirilməsi Saakaşvilinə baha başa gəldi – həm vəzifəsini itirdi, həm də reytinqi yerlə-bir oldu. Günü bu gün də xalqın böyük bir hissəsi Saakşvilini qəbul etmir, ondan zəhləsi gedir. Amma, Gürcüstan sağ qaldı, ölkəsi inkişaf yolu ilə getdi, turizm mərkəzinə çevrildi, əhalinin sosial vəziyyəti ildən-ilə yaxşılaşdı.
Üç ildir Ukraynanı viran qoyan, işğal edən Rusiyanın, Gürcüstanala bağlı planları da başqa idi – rəsmi Tibilisi Rusiyanın boyunduruğuna girməli, Moskvaya tam loyal ölkəyə çevrilməli, Saakaşvili isə bir yerindən Moskvanın ortasında asılmalı idi. Məhz Mişanın öz həyatını, vəzifəsini Gürcüstana qurban verməsi Putinin bu arzularının gerçəkləşməsinə mane oldu.
Gürcüstan hadisələrində dişsiz və onurğasız davranan Avropa və kollektiv Qərb, Putinin daha da aqressiv olmasına səbəb oldu. Sonra olanları bilirsiniz – Krımın işğalı, yenə səssizlik, Ukraynaya 2022-ci ildə vəhşicəsinə hücum – yənə Qərbin onurğasızlığı.
Bunları nədən xatırlatdım – bu gün, çox təəssüf ki, Zelenski öz taleyi ilə Ukrayna taleyi arasında seçim edə, üstünlüyü Ukraynanın gələcəyinə verə bilmir, kreslodan əl çəkmək istəmir.
2022-ci ildə “İstanbul anlaşmaları” apreldə imzalansaydı Ukraynada yüzminlərlə insan sağ qalacaqdı, çoxsaylı kəndlər, şəhərlər dağılmayacaqdı, və ən əsası, bu gün Ukraynanı daha pis şərtlərlə atəşkəsə sürükləməzdilər. Bütün bunların qarşısını Zelenski 2022-nin aprelində Türkiyənin minbir əziyyətlə qurduğu masada ala bilərdi. Amma...
Amması da odur ki, “atəşkəs” olsaydı Ukrayna daxili siyasətində bütün “oxlar” Zelensiyə çevriləcəkdi, növbəti seçkiləri Saakaşvili kimi uduzacaqdı. Bu mütləq belə olacaqdı, çünki, müharibə dayanan kimi suallar artacaqdı, ittihamlar çoxalacaqdı. Zelenski buna görə 2022-nin aprelində atəşkəsə getmədi, elə indi də atəşkəsdən yayınmaq istəyi sonrakı dövrdə ona ünvanlanacaq ciddi ittihamlardan qaçmaq cəhdidir.
Hələ də gec deyil, öz siyasi karyerasını Ukrayna üçün daha yaxşı şərtlərlə dəyişə bilər – bunun üçün ürək, Saakaşvili qədər vətənsevər olamaq lazımdır. Çünki, qəhrəman Ukrayna xalqı yaxşı gələcək istəyir, ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.