"Məni xilas etdin, indi də məni qoru"

Bu gün, 10:38           
"Məni xilas etdin, indi də məni qoru"
Agent Şon Kerran (Sean Curran) ABŞ-də Gizli Xidmətin yeni rəhbəridir. O, prezident Donald Trampı Pensilvaniyada seçki mitinqi vaxtı sui-qəsd cəhdindən qorumuşdu.

Martın 10-da axşam Kerran Ağ evdə Oval kabinetdə vəzifə andı içib. Bu haqda "Fox News" xəbər yayıb.

Kerranın andını daxili təhlükəsizlik naziri Kristi Noem qəbul edib. O deyib ki, Kerran "prezident Trampın həyatını xilas etmək üçün öz həyatını riskə atıb". Onun sözlərinə görə, bu, ABŞ Gizli Xidməti agentinin sədaqətinin sübutudur.

Tramp ötən ilin iyulunda seçki mitinqində çıxış edərkən ona atəş açılıb. O, sağ qulağından xəsarət alıb, tərəfdarlarından biri həlak olub, iki nəfər yaralanıb.

Siyasətçiyə 20 yaşlı Tomas Metyu Kruks qonşu binanın damından atəş açıb. Onu Gizli Xidmət əməkdaşları qətlə yetirib. Kruksun yanından AR-15 yarımavtomat silahı tapılıb, silahdan 10-dək atəş açdığı bəlli olub.

O zaman Gizli Xidmət əməkdaşlarına qarşı bəzi iddialar səslənib. Əsas fikir bu idi ki, onlar Kruksun olduğu binanın damını yoxlamayıblar, atəş açanın yerini gec müəyyən ediblər.

Ş.Kerran 2001-ci ildən Gizli Xidmətdə çalışır. O, Trampın birinci prezidentliyi dönəmində və sonra onun mühafizəsi üçün cavabdeh olub. Kerranın tabeliyində 85 nəfər olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.