Bakı üçün yazılan məktub rezonans doğurdu: - İsraildən gözlənilməz qərar
Bu gün, 00:10

“The Jerusalem Post” yazır ki, ABŞ Prezidenti Donald Trampın şəxsi nümayəndəsi Stiv Uitkoff Moskvadan birbaşa Bakıya uçub. Bu, İsrail, ABŞ və Azərbaycan arasında yaxşı əlaqələndirilmiş diplomatik addım kimi görünür.
Nəşr xatırladır ki, İsrailin Baş naziri Benyamin Netanyahunun Knessetdəki (parlament) Azərbaycanla bağlı bəyanatından və yüksək səviyyəli ravvinlərin Trampa ünvanlandığı dəstək məktubundan sonra proses sürətlənib.
Rusiyanın “RIA” xəbər agentliyi Stiv Uitkoffun Moskvadan Bakıya uçması barədə məlumat yayıb. Rəsmi təsdiq olunmasa da, bəzi mənbələr onun Rusiya Prezidenti Vladimir Putinlə gizli danışıqlar apardığını bildirir.
İsrail-Azərbaycan münasibətlərindən xəbərdar olan mənbələr deyir ki, martın 5-də baş nazir Benyamin Netanyahunun Knessetdə ABŞ-İsrail-Azərbaycan arasında tərəfdaşlığı barədə verdiyi bəyanatdan sonra proses xüsusi vüsət alıb.
Bu arada yüksək rütbəli ravvinlər prezident Trampa “İbrahim” sazişlərinin (ing. Abraham Accords) genişləndirilməsi, İsrail, ABŞ və Azərbaycan arasında strateji müttəfiqliyin gücləndirilməsi üçün çağırış edib. Bu önəmli məktub siyasi və diplomatik dəhlizlərdə böyük rezonans doğurub. Həmin məktub Bakıya olan xüsusi səfərə birbaşa təsir göstərib.
Bakı ABŞ və Rusiya arasında vasitəçi ola bilər
18 fevral 2025-ci il. Hikmət Hacıyev və Benyamin Netanyahunun Qüdsdə görüşündən
Təxminən iki ay əvvəl Begin-Sadat Mərkəzi Bakının Vaşinqton və Moskva arasında vasitəçi ola biləcəyi ehtimalını təqdim edən mühüm mövqe sənədi dərc etdi. Nəşr Amerika və İsrail mediasında böyük diqqətə layiq görülüb və bu, cari səfərə xüsusilə məna yükləyib.
Stiv Uitkoffun Moskvadan birbaşa Bakıya səfəri ekspertlərin Azərbaycanın qarşıdakı dövrdə qlobal diplomatiyada əsas rol oynaya biləcəyi ilə bağlı fikirlərini gücləndirir.
Məqalənin sonunda bildirilir ki, diplomatik dairələr Bakıdakı hadisələri diqqətlə izləyir, adıçəkilən ölkələr arasında üçtərəfli münasibətlərin necə inkişaf edəcəyini gözləyir.
İsrail mediasındakı bu məqalə bir daha Azərbaycan böyük oyunlarda da diqqət mərkəzində olmağı bacardığını göstərir. Heç şübhəsiz ki, bu, rəsmi Bakının yeritdiyi xarici siyasət kursunun uğurundan xəbər verir.
Elbəyi Həsənli
Sürix