“Kreml “dəmir təminat” tələb edəcək” – “Avropa öz hərbi kontingentini Ukraynaya yeritsə…”

Bu gün, 16:22           
“Kreml “dəmir təminat” tələb edəcək” – “Avropa öz hərbi kontingentini Ukraynaya yeritsə…”
Rusiya Ukrayna ilə bağlı istənilən sülh sazişində bu ölkənin NATO üzvü olmayacağı və bitərəf statusa malik olacağına dair “dəmir təminat” tələb edəcək.

“Reuters”in məlumatında belə deyilir.

“Reuters” Rusiya Xarici İşlər Nazirliyinin son məlumatını xatırladaraq qeyd edib ki, Kreml öz əvvəlki tələblərindən geri çəkilmir: “Məsələn, Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib ki, Ukrayna ilə bağlı istənilən uzunmüddətli sülh müqaviləsi Moskvanın tələblərinə cavab verməlidir. O deyib: “Biz təhlükəsizliyə dair “dəmir zəmanətlərin” bu sazişin bir hissəsi olmasını tələb edəcəyik. Bu zəmanətlərin isə bir hissəsi Ukraynanın neytral statusu, NATO ölkələrinin onu alyansa qəbul etməkdən imtinası olmalıdır”.

Kreml həmçinin NATO sülhməramlılarının Ukraynada yerləşdirilməsinin qəti əleyhinədir. Bunu da Qruşko əlavə edib”.

Xatırladaq ki, Böyük Britaniya və Fransa Ukraynada istənilən atəşkəsə nəzarət etmək üçün sülhməramlı qüvvələr göndərməyə hazır olduqlarını bəyan ediblər. Hətta uzaq Avstraliyanın Baş naziri Entoni Albanese də ölkəsinin bununla bağlı müraciətlərə açıq olduğunu deyib.

“Reuters” Qruşkodan daha bir sitat gətirərək, Kremlin Avropanı hədələdiyini önə çəkir: “NATO kontingentinin Ukrayna ərazisinə hansı ad altında yerləşdiriləcəyinin fərqi yoxdur: istər Avropa İttifaqı, istər NATO, istərsə də milli miqyasda. Əgər onlar orada peyda olsalar, bu o deməkdir ki, onlar münaqişə zonasında yerləşdiriləcək və münaqişə tərəfi olacaqlar. Bu zaman münaqişə tərəfi kimi, bundan irəli gələn bütün nəticələrlə üzləşəcəklər”.

Bununla belə, Qruşkonun sözlərinə görə, münaqişədən sonra silahsız müşahidəçilərin yerləşdirilməsindən yalnız sülh sazişi hazırlandıqdan sonra danışmaq mümkün olacaq.

Bundan öncə Fransa Prezidenti Emmanuel Makron deyib ki, Ukraynada sülhməramlı qoşunların yerləşdirilməsi məsələsi Moskvanın deyil, Kiyevin qərarıdır.

Qruşko buna cavab olaraq bildirib ki, Kiyevin avropalı müttəfiqləri başa düşməlidirlər ki, yalnız Ukraynanın NATO-ya üzvlüyünün istisna edilməsi və onun ərazisində xarici hərbi kontingentlərin yerləşdirilməsi imkanının istisna edilməsi region üçün müsbət nəticələ verə bilər. Digər variantlar işləməyəcək.

Onun dediyinə görə, yalnız bu zaman Ukraynanın və daha geniş mənada bütün regionun təhlükəsizliyi təmin olunacaq, “çünki münaqişənin əsas səbəblərindən biri aradan qaldırılacaq”./azpolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.