İran ABŞ-dən nəyi istəyib?
Dünən, 12:38

İran Omanın vasitəçiliyi ilə keçirilən danışıqlarda nüvə proqramını məhdudlaşdırmaq müqabilində ABŞ-dən sanksiyalarının yumşaldılmasını tələb edib.
Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən xəbər yayıb.
Qeyd edilib ki, rəsmi Tehran da danışıqların konstruktiv olduğunu təsdiqləyib.
Məlumata görə, danışıqlardan sonra İranın XİN başçısı Abbas Əraqçi ilə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof arasında qısa söhbət olub.
Məlumatda deyilir ki, İran həmçinin xaricdə dondurulmuş milyardlarla dollara çıxış əldə etmək istəyir və ABŞ-dən İran neftinin çinli alıcılarına təzyiqləri dayandırmağı tələb edir. Bunun müqabilində Tehran 2015-ci il sazişində nəzərdə tutulan uranın zənginləşdirilməsi səviyyəsinə qayıtmağa hazırdır.
Görüşdən sonra ABŞ Prezidenti Donald Tramp İranla danışıqların yaxşı getdiyinə inandığını bildirib və qarşı tərəfi birbaşa müzakirələrə çağırıb.
Əlavə edək ki, danışıqların ikinci raundunun aprelin 19-da Omanda baş tutacağı deyilsə də, İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançinin sözlərinə görə, ikinci raundda danışıqlar üçün məkan dəyişəcək və müzakirələr çox güman ki, Avropada davam etdiriləcək.
Qeyd edək ki, İran və ABŞ arasında 1980-ci ildən bəri diplomatik əlaqələr yox idi.