ABŞ Ukrayna ilə bağlı Rusiyadan bunu tələb edəcək

Bu gün, 11:38           
ABŞ Ukrayna ilə bağlı Rusiyadan bunu tələb edəcək
ABŞ Moskva ilə Kiyev arasında mümkün sülh sazişi çərçivəsində Rusiyadan Ukraynanın öz ordusu və müdafiə sənayesinə sahib olmaq hüququnu tanımasını tələb edəcək.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşrdə qeyd olunub ki, ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff bu məsələni növbəti görüş zamanı Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etməyi planlaşdırır.

Agentlik bildirir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası bu addım vasitəsilə Kreml və Ukraynadan müəyyən güzəştlər əldə etməyə, eyni zamanda silahlı münaqişəyə son qoymağa çalışır.

Qeyd edək ki, bir gün əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Uitkoff bu həftə Moskvaya səfər etməyi planlaşdırır.

"The Wall Street Journal" yazmışdı ki, ABŞ, Ukrayna və Aİ nümayəndələrinin Londonda keçirəcəyi görüşdən sonra Uitkoff Rusiyaya yollana bilər. Lakin sonradan xəbər verildi ki, Fransa, Almaniya, Böyük Britaniya və Ukraynanın xarici işlər nazirləri bu görüşü təxirə salıblar və müzakirələr ekspertlər səviyyəsində baş tutub.

Xatırladaq ki, aprelin 15-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirmişdi ki, sülh sazişi Ukraynanın qeyri-nüvə statusunu, neytrallığını, silahsızlaşdırılmasını və diskriminasiyaedici qanunların ləğvini nəzərdə tutur. O, həmçinin qeyd etmişdi ki, Ukrayna hakimiyyəti Rusiyanın mövcud sərhədləri daxilində suverenliyini tanımalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.