"Rusiyada qida böhranı dərinləşir: əsas ərzaq məhsullarının istehsalı kəskin azalıb" - "The Moscow Times"
Dünən, 10:44

"Artan qiymətlər, azalan istehsal və uğursuz iqtisadi siyasət fonunda ərzaq təhlükəsizliyi təhlükə altındadır..."
2025-ci il Rusiya üçün artıq ardıcıl üçüncü ildir ki, qida böhranı ilə yadda qalır. 2023-cü ildə yumurtanın, 2024-cü ildə isə kərə yağının kəskin bahalaşmasından sonra bu il həm tərəvəzlərin qiymətində ciddi artım müşahidə olunub, həm də üç əsas ərzaq məhsulunun - günəbaxan yağı, şəkər və unun istehsalında ciddi azalma qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Moscow Times" nəşri Rusiya Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir.
İstehsal rəqəmlərində sərt eniş: aprel ayının mənzərəsi
2025-ci ilin yanvar-aprel ayları üzrə statistik göstəricilər böhranın miqyasını aydın şəkildə ortaya qoyur: günəbaxan yağı istehsalı 32,3 faiz, şəkər istehsalı 15,5 faiz, un istehsalı 7,8 faiz azalıb (ötən ilin eyni dövrü ilə müqayisədə). Təkcə aprel ayında şəkər istehsalı 35 min ton (azalma: -36,1faiz), günəbaxan yağı istehsalı 108 min ton (-15,6 faiz), un istehsalı 72 min ton azalıb (-9,1 faiz). Bu göstəricilər Rusiyanın ərzaq təminatında daxili istehsala əsaslanmaq səylərinin ciddi nəticələr vermədiyini göstərir.
İdxalı əvəzləmə strategiyası və iqtisadi siyasətin ağır nəticələri
Əsas ərzaq məhsullarının istehsalındakı azalma bir neçə əsas amillə - şəkər sektorunda geriləmə, Rusiya istehsalı olan, lakin xarici sortlarla müqayisədə daha zəif məhsuldarlığa malik şəkər çuğunduru toxumlarının tətbiqi ilə əlaqələndirilir. İdxal toxumlarından imtina, yerli toxumlara keçid şəraitində məhsuldarlıq əhəmiyyətli dərəcədə düşüb.
Günəbaxan yağı istehsalçıları isə ziyanla işlədiklərini bildirirlər. Dövlətin qiymət artımını inzibati yollarla məhdudlaşdırması səbəbindən maya dəyəri pərakəndə satış qiymətini üstələyir. Nəticədə bəzi zavodlar fəaliyyətini dayandırıb, digərləri isə emal əvəzinə xam məhsulu birbaşa ixrac etməyə üstünlük verir.
Un sənayesi də ağır vəziyyətdədir. Rusiya Mərkəzi Bankının əsas faiz dərəcəsinin 25 faizə çatması biznesin kredit imkanlarını kəskin şəkildə məhdudlaşdırıb. Dövlət dəstəyinin azalması fonunda bir çox müəssisə fəaliyyətini davam etdirməkdə çətinlik çəkir. Apreldə ölkənin ən iri un və çörək istehsalçılarından olan "Grain Holding" şirkəti mümkün iflasla bağlı rəsmi xəbərdarlıq yayıb.
Kartof qiymətində rekord artım və idxala məcburiyyət
Ərzaq böhranının digər aydın göstəricisi isə kartofun qiymətində müşahidə olunur. 2025-ci ilin may ayında kartofun qiyməti 2024-cü ilə nisbətən tam 173 faiz artaraq son 23 ilin rekordunu vurub. Nəticədə pərakəndə satış şəbəkələri kartofu Çin və Monqolustandan idxal etməyə başlayıb, Kalininqrad vilayətində isə kartofun regiondan çıxarılmasına qadağa qoyulub.
Daha öncə xəbər verilib ki, kartof, kələm və soğanın bahalaşması nəticəsində Rusiyada məşhur "borş dəsti"nin (ənənəvi şorbanın əsas komponentləri) qiyməti əhəmiyyətli dərəcədə yüksəlib. Mütəxəssislər bunun sadəcə mövsümi qiymət artımı deyil, Rusiya iqtisadiyyatının ümumi zəifləməsinin açıq əlaməti olduğunu qeyd edirlər.
İqtisadi durğunluğun acı nəticələri
Rusiyanın ərzaq təhlükəsizliyini təmin etmək üçün tətbiq etdiyi "idxalı əvəzləmə" strategiyası, yüksək faiz dərəcələri və inzibati tənzimləmələrlə müşayiət olunan iqtisadi siyasət nəticə vermir. Artan qiymətlər və azalan istehsal həm əhali, həm də qida sənayesi üçün ciddi risklər doğurur. Əgər struktur islahatlar və dəstək tədbirləri görülməzsə, ölkə daha dərin qida çatışmazlığı və inflyasiya ilə üzləşə bilər. Bu isə həm sosial narazılıqları, həm də iqtisadi qeyri-sabitliyi daha da gücləndirəcək.