Rusiyadan NATO və Ermənistana növbəti mesaj - “İzvestiya” nəşri
Bu gün, 15:22

Moskva NATO-nun “postsovet ölkələrini öz sıralarına çəkmək” cəhdlərini Rusiyanın təhlükəsizliyinə təhdid və qəbuledilməz sayır.
AzVision.az Rusiyanın “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin belə deyib.
Qəzet vurğulayır ki, Şimali Atlantika Alyansı postsovet ölkələri, o cümlədən Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqi Ermənistan, eləcə də Ukrayna ilə əməkdaşlığı inkişaf etdirir.
“Moskvanın mövqeyini Rusiya prezidenti ötən il iyunun 14-də Xarici İşlər nazirliyində çıxışında açıq şəkildə ifadə edib: Ukrayna böhranının gələcək nizamlanmasının əsas elementlərindən biri onun bloklara qoşulmamış, neytral və qeyri-nüvə statusunun möhkəmləndirilməsi olmalıdır”, - Mixail Qaluzin söyləyib.
Ermənistana gəlincə, İrəvan üçün “ən etibarlı təhlükəsizlik təminatları” Rusiya ilə ikitərəfli müqavilələr və KTMT çərçivəsində sazişlərdir.
- Ermənistan təşkilatın üzvü olaraq qalır və KTMT-nin bütün təhlükəsizlik zəmanətləri ona şamil edilir”, - rusiyalı diplomat vurğulayıb.
Xatırladaq ki, Mixail Qaluzin də daxil olmaqla Rusiyanın bir sıra yüksək vəzifəli məmurları İrəvana Qərblə ikibaşlı oyunları barədə dəfələrlə xəbərdarlıq ünvanlayıblar. Bununla belə, Moskva ilə əməkdaşlıqdan ciddi iqtisadi dividendlər qazanan İrəvan ənənəvi ikiüzlü siyasətindən imtina etmək fikrində deyil.