Kiyev və London 2,3 milyard dollarlıq müdafiə SAZİŞ İMZALADI
Bu gün, 07:04

Ukraynanın maliyyə naziri Serhi Marçenko Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının İxracın Maliyyələşdirilməsi Agentliyi (UKEF) tərəfindən zəmanət verilən yeni kredit sazişi imzalayıb.
Bu barədə məlumat Ukrayna Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib.
Yeni sazişə əsasən, təxminən 1,7 milyard funt sterlinq (təxminən 2,3 milyard dollar) məbləğində kredit Ukrayna Müdafiə Nazirliyinin həyata keçirdiyi “Hava hücumundan müdafiə imkanlarının inkişafı” layihəsinin maliyyələşdirilməsinə yönəldiləcək.
Nazirlik bildirib ki, bu vəsait Britaniyada istehsal olunan müdafiə materialları və digər hərbi təyinatlı məhsul və xidmətlərin alınmasına sərf ediləcək. Müqavilənin şərtlərinə görə, ödəniş müddəti 19 il, güzəşt müddəti isə 6,5 ildir.
Müqavilənin imzalanması Ukraynanın bərpasına dair Romada keçirilən beynəlxalq konfrans çərçivəsində baş tutub. Nazirlik əlavə edib ki, bu saziş iki ölkə arasında daha əvvəl imzalanmış çərçivə razılaşmasının bir hissəsidir və ümumi kredit məbləği 2 milyard funt sterlinqə qədər (təxminən 2,7 milyard dollar) arta bilər.
Xatırladaq ki, bundan əvvəl Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini artırmaq məqsədilə "Thales" hərbi-sənaye konserni tərəfindən istehsal olunmuş 5 mindən çox raketin Kiyevə göndəriləcəyini təsdiqləmişdi.